XƏBƏR, SİYASƏT
17-04-2020, 23:53

Deputat yeni layihəni şərh edib: Bu şəxslər cəzadan azad olunacaqlar

Deputat yeni layihəni şərh edib: Bu şəxslər cəzadan azad olunacaqlar

"Bu gün cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi cinayət hüquq siyasətində əsas hədəflərdən biridir. Bu qanun layihəsi azadlıqdan məhrum etməyə alternativ cəza tədbirlərinin daha geniş tətbiqinə imkan yaradacaqdır".

Qərbinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nurlan Həsənov Cinayət və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdən iqtisadi cinayətlərlə bağlı qanunvericiliyin liberallaşdırılması əksər hallarda cinayət törətmiş şəxslərin vurulmuş ziyanı ödəməsinə təşviq edəcəkdir:

"Dəyişikliyə qədər iqtisadi sahədə törədilən bəzi cinayətlərə görə şəxsin vurulmuş ziyanı və dövlət büdcəsinə qanunla müəyyən edilmiş məbləğin ödənlməsi şərti ilə məsuliyyətdən azad olunması institutu mövcud idi. Təqdim olunan layihədə həmin qaydanın tətbiqi daha da yumşaldılır və əlavə olaraq şəxsə məhkum olunduqdan sonra eyni şərtlər əsasında cəzadan azad edilməsi imkanı tanınır. Məsələn, vergidən yayınma cinayəti törətmiş şəxs istintaq və məhkəmə baxışı dövründə yayındırdığı vergiləri dövlət büdcəsinə ödəyə bilmədiyi üçün məsuliyyətdən azad olunmur və ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Hazırki vəziyyətdə şəxsin cəza çəkdiyi müddətdə yayındırdığı vergi ödənilsə belə, şəxsin cəzadan şərti vaxtından əvvəl azad olunması məsələsinə baxılması üçün təyin olunan cəzanın yarısını çəkməsi tələb olunur. Dəyişikliklərdən sonra isə, vergidən yayınan şəxs yayındırdığı vergini tam şəkildə ödəməklə qeyd-şərtsiz və mülahizəsiz cəzadan azad olunacaqdır".

Deputat qeyd edib ki, qanun layihəsinin 3 oxunuşda qəbul edilməsi nəzərdə tutulur və qanun layihəsində qüvvəyə minmə tarixi may ayının 1-i kimi göstərilib:

"Hesab edirəm ki, obyektiv səbəblərdən qanunun qeyd edilən tarixədək qəbul edilməsi mümkün olmaya bilər. Çünki, artıq aprel ayının sonuna doğru gedirik və məhkəmə işçiləri və hüquq mühafizə orqanlarıda qanuna edilən dəyişikliklərlə tanış olmalı olduqlarını yaddan çıxarmamalıyıq. Bu baxımdan təklif edərdim ki, qanunvericilik təşəbbüsü olan subyektin razılığı ilə qüvvəyə minmə tarixi 1 iyun tarixinədək uzadılsın",-deyə N.Həsənov vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.






Son Xəbər