XƏBƏR, SOSİAL
2-04-2020, 16:09

Şəmkir marketlərində ərzaq bol, anbarlar doludur

Şəmkir marketlərində ərzaq bol, anbarlar doludur

Qiymətlər RİH-in rəsmi səhifəsində mütəmadi yayımlanacaq.

Qərbinfo.az xəbər verir ki, bu gün Şəmkir rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində təxirəsalınmaz işlər görülür.

Respubliamızda yaranmış mövcud vəziyyətdə əhalinin ərzaq təminatı ilə təmin olunması, topdansatış mərkəzlərində qiymətlərdə süni artıma yol verilməməsi gündəmdə olan vacib məsələlərdən biridir.

Şəmkir RİH başçısı Alimpaşa Məmmədov və rayon Polis Şöbəsinin rəisi Elnur Həsənovla birlikdə rayonda fəaliyyət göstərən iri marketlərdə olub, ərzaq məhsullarının mövcud qiyməti ilə maraqlanıb.

Reyd zamanı məlum olub ki, istər şəhər mərkəzində, istərsə də rayonun böyük yaşayış məntəqələrinin marketlərində ərzaq qıtlığı ilə bağlı heç bir hal yaşanmır. Əksinə anbarlar dolu, ərzaq ehtiyatı boldur.

Market sahibləri ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tələblərinə əsasən əhalinin ərzaqla təminatı baxımından heç bir problem yaşanmadığını qeyd ediblər.

Ərzaq məhsullarının qiymətlərində də heç bir artımın olmadığını, gündəlik təlabat mallarının və xüsusilə də 50 kq-lıq unun əvvəlki kimi 26 manata satıldığını vurğulayıblar.

Marketlərdə ərzaq məhsullarının çeşidi, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı ölkəmzidəki vəziyyətlə əlaqədar vətəndaşlara qarşı daha həssas olmalarını bildirib. İstər ərzaqların verilməsində, marketlərdə ərzaq bolluğunun təmin edilməsində, istərsə də qiymətlərdə daha diqqətli olmalarını tövsiyə edib: "Möhtəkirlərə qarşı polis və RİH ciddi mübarizə aparacaq".

Rayon rəhbəri vətəndaşların, eləcə də marketdə çalışanların sağlamlığı baxımından bütün gigiyenik qaydalara tam əməl olunmasını da vurğulayıb.

QEYD: Nəzərinizə çatdırırıq ki, bu gündən etibarən rayonun bütün böyük supermarketlərində olan gündəlik təlabat mallarının qiymətləri cədvəl şəkilində səhifəmizdə yayımlanacaq.






Son Xəbər