XƏBƏR, MANŞET-SLAYDER
24-03-2020, 17:33

“Vətəndaşlar xüsusi karantin rejiminə riayət etsinlər” - İlham Əliyev

“Vətəndaşlar xüsusi karantin rejiminə riayət etsinlər” - İlham Əliyev

“Biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb”.

Qərbinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bəzi ölkələrdə gündə yüzlərlə – 500-600 insan vəfat edir: “Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi, hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı”.






Son Xəbər