XƏBƏR, SOSİAL
16-03-2020, 15:59

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Qərbinfo.az-ın xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir. Belə ki, epidemiya əleyhinə sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.






Son Xəbər