XƏBƏR, SOSİAL
13-03-2020, 22:31

Azərbaycanda tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər

Azərbaycanda tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər

Azərbaycanda təhsil müddətinin və tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər.

Qərbinfo.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidnmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, tədris vaxtının uzadılması ilə bağlı müəyyən qərar veriləcək:

"Hələ 2 həftə vaxt var. Bu müddət ərzində vəziyyətə görə qərar qəbul olunacaq və açıqlanacaq. Bununla bağlı qərar vermək hələ ki tezdir".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.






Son Xəbər