XƏBƏR, İQTİSADİYYAT
12-03-2020, 10:59

ABŞ “Cənub Qaz Dəhlizi”ni strateji layihə kimi nəzərdən keçirir

ABŞ “Cənub Qaz Dəhlizi”ni strateji layihə kimi nəzərdən keçirir

ABŞ “Cənub Qaz Dəhlizi”ni strateji layihə kimi nəzərdən keçirir.

Bunu Qərbinfo.az-a ABŞ Dövlət departamentinin Enerji ehtiyatları bürosunun enerji diplomatiyası üzrə mütəxəssisi Natan Rayx deyib.

O bildirib ki, enerji təhlükəsizliyi sahəsində enerji daşıyıcıları tədarükünün şaxələndirilməsinin vacibliyi vurğulanır:

“Bunun səbəbi sadədir: monopoliyalar ölkənin siyasi sisteminə, iqtisadi artımına, sosial təminatına ciddi ziyan vura bilər. Ona görə də biz mümkün olan hər şeyi edəcəyik ki, avropalı tərəfdaşlarımıza və müttəfiqlərimizə enerji tədarükünün şaxələndirilməsində kömək göstərək”.

Mütəxəssis qeyd edib ki, bu kontekstdə ABŞ hökuməti “Cənub Qaz Dəhlizi”ni strateji layihə kimi nəzərdən keçirir:

“Tikintisi başa çatdıqdan sonra “Cənub Qaz Dəhlizi” Avropaya təbii qaz tələbatının təmin olunması üçün yeni uzunmüddətli tədarük mənbəyi təqdim edəcək. Təbii qaz idxalının şaxələndirilməsi yolu ilə “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini artıracaq və bununla da milli təhlükəsizlik sahəsində ümumi maraqlarımızı təşviq edəcək”.

Onun sözlərinə görə, eyni sözləri Avropanın mayeləşdirilmiş təbii qaz idxalı imkanlarının artması barədə də demək olar:

“Mayeləşdirilmiş təbii qaz istehsalı və ticarətinin qlobal artımı iqtisadi və enerji təhlükəsizliyi baxımından Avropa üçün faydalıdır. Bəzi qiymətləndirmələrə əsasən, 2018-ci ildə mayeləşdirilmiş təbii qaz idxalı imkanı Avropa istehlakçılarına 8 milyard dollara qənaət etməsinə yol açıb. Həm mayeləşdirilmiş təbii qazın, həm də “Cənub Qaz Dəhlizi”nin yaratdığı imkan isə onu göstərir ki, avropalı tərəfdaşlarımız və müttəfiqlərimiz öz iqtisadi rifahı və milli təhlükəsizliyi üzərində nəzarəti ələ alır. “Cənub Qaz Dəhlizi” və mayeləşdirilmiş təbii qaz bir-birini tamamlayır”.

N.Rayx əlavə edib ki, “Cənub Qaz Dəhlizi” ABŞ hökuməti üçün iki səbəbdən qiymətlidir: biri enerji təhlükəsizliyi ilə, digəri isə siyasi və iqtisadi inteqrasiya ilə əlaqədardır:

“Onilliklər ərzində ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyinə vəsait yerləşdirib, çünki bu, iqtisadi rifah və siyasi suverenlik üçün həyati əhəmiyyət daşıyır. Ona görə də təəccüblü deyil ki, ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyinə təhdidi, ABŞ-ın milli maraqlarına təhdid kimi nəzərdən keçirir”.






Son Xəbər