XƏBƏR, SİYASƏT
12-02-2020, 17:30

Radikal müxalif dairələr xalqın fikrini çaşdırmağa çalışır

Radikal müxalif dairələr xalqın fikrini çaşdırmağa çalışır9 fevral seçkilərində məğlub olmuş və seçkidə ümumiyyətlə iştirak etməmiş radikal çevrələrin xalqı boykota və nəticələri tanımamağa yönəlmiş çağırışları növbəti uğursuz siyasi taktikadır.

Qərbinfo.az xəbər verir ki, bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, məğlub olmuş namizədlərin müxtəlif konkret dairələr üzrə nəticələrə dair irad və tənqidlər söyləməsi bütün dünya ölkələri üçün xarakterik siyasi davranış təzahürüdür:

"Lakin mənşəyi dəqiq olmayan bir neçə konkret hadisənin timsalında bütün ölkə üzrə seçkinin nəticələrinin müxalif mövqedən siyasiləşdirilməsi və şübhə altına alınması yolverilməz davranışdır. Təəssüflər olsun ki, bəzi ifrat radikal ittihamçı dairələr təkmilləşməkdə olan seçki reallıqlarını və hətta bir sıra beynəlxalq təşkilatların ənənəvi yanaşmalarında baş verən pozitiv dəyişiklikləri də nəzərə almadan bütün nəticələrin ümumi qaralanması yolunu tuturlar. Radikal dairələrin geniş istinad etdikləri müəyyən sosial şəbəkə görüntülərinin sonadək araşdırılmasında dövlət orqanlarının maraqlı olması çox əhəmiyyətli faktdır. Təəssüf ki, radikal ittihamçılar rəsmi orqanların faktları araşdırmaq yönündə fəaliyyətlərinə də mötəbər yanaşa bilmir".

Politoloqun sözlərinə əsasən, ən narahatlıq doğuran məqamlardan biri radikal dairələrin hətta bəzi Avropa qurumlarının seçki ilə bağlı pozitiv istiqamətdə dəyişən mövqelərindən doğru nəticə çıxarmaması və hətta onu saxtalaşdırmasıdır:

"Radikal müxalif dairələr xalqın fikrini çaşdırmağa və guya Avropa təşkilatlarının çox sərt tənqidi hesabat yaydıqlarına inam yaratmaq istəyirlər. Halbuki ATƏT PA, AŞ PA və DTİHB-nin əvvəlki seçkilərdəki ənənəvi inkarçı mövqelərində əsaslı pozitiv dəyişikliklər baş verib. Avropa təşkilatlarının seçkidə rast gəlinən neqativlərin sistemli xarakter daşımadığı və yalnız lokal mahiyyətli olduğu barədə rəsmi rəyləri olduqca əhımiyyətlidir və daxildəki radikal dairələrin mövqeyinə tutarlı cavabdır. Radikal müxalifətin seçkinin nəticələri barədə bəzi Avropa qurumlarının rəsmi mövqeyini saxtalaşdırmaq cəhdləri yolverilməzdir.

Radikal dairələrin uğursuz taktikalarından biri də tək-tək məntəqələrdə baş vermiş kimi görünən hadisələri bütün ölkə üzrə ümumi seçkilərə şamil etmək cəhdidir. Bir sıra məqamlar daxili radikalların beynəlxalq müşahidəçilərdən tam fərqli və qərəzli mövqe tutduğunu aydın göstərir".

A.Quliyev qeyd edib ki, radikal çevrələrin uğursuz üsullarından biri bəzi sosial şəbəkə məlumatlarını guya bütün ölkə miqyaslı prosesin göstəricisi kimi qələmə verməkdir: "Yanlış taktiki üsullar sonda radikalların öz ifşaları ilə nəticələnə bilər. Rəsmi qurumlar sosial şəbəkələrdə yayılan məlumatlarının sonadək araşdırılmasında israrlıdır.

İndidən məlumdur ki, radikalların ciddi cəhdlə istinad etdikləri görüntülər sistem xarakterli deyil. Araşdırmalar ortaya qoyacaq ki, sosial şəbəkələrdə yayılan məlumatlar radikal müxalif dairələrin məqsədli düzüb-qoşduğu ssenarilərdir, tək-tək namizədllərin şəxsi mənafelərinə xidmət edən pozuntuları, yaxud ayrı-ayrı namizədlərin bir-birinin əleyhinə düzüb-qoşduqları kompramat səhnələridir. Bir sıra sosial şəbəkə görüntülərinin radikallar tərəfindən öncədən, məqsədli hazırlanmış səhnələr olduğuna dair ciddi şübhələr var.

Bütün hallarda seçkinin nəticələrinə xalqın mütləq əksəriyyətinin münasibəti radikal ittihamçı müxalifətin münasibətindən tam fərqlidir".






Son Xəbər