XƏBƏR, İQTİSADİYYAT
12-02-2020, 15:28

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adı açıqlanıb

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adı açıqlanıb

2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 122 ölkəyə məhsul ixrac edilib, 185 ölkədən isə idxal olunub.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a verilən məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ildə ölkənin xarici ticarət dövriyyəsi 33 milyard 138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19 milyard 471,3 milyon dollar, idxalın dəyəri 13 milyard 667,2 milyon dollar təşkil edib, nəticədə 5 milyard 804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,3 faiz artıb, real ifadədə isə 3,7 faiz, o cümlədən idxal 6,5 faiz, ixrac 2,0 faiz azalıb. Bu dövr ərzində ölkədən 1954,4 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə isə 7,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 28,7 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 6,8 faizini İsrailə, 4,9 faizini Hindistana, 4,7 faizini Almaniyaya, 3,8 faizini Çinə, 3,7 faizini Rusiyaya, 3,6 faizini İspaniyaya, 3,3 faizini Çexiyaya, 3,0 faizini Gürcüstana, 2,7 faizini Fransaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,2 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Tailand və Portuqaliyaya, 1,7 faizini Ukraynaya, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (35,3 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,1 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (1,9 faiz), Yunanıstana (1,8 faiz), Özbəkistana (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 10,5 faizi Çin, 9,0 faizi İsveçrə, 5,6 faizi ABŞ, 5,2 faizi Almaniya, 3,4 faizi Ukrayna, 3,3 faizi İran, 2,9 faizi Kanada, 2,7 faizi İtaliya, 2,2 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 21,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.






Son Xəbər