XƏBƏR, SOSİAL
12-02-2020, 14:59

Asayiş keşikçilərini qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək lazımdır

Asayiş keşikçilərini qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək lazımdır

Ölkəmiz öz qürurlu tarixində daha bir siyasi kampaniyanı uğurla başa vurdu. Fevralın 9-da keçirilmiş parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti addım kimi yaddaşlara yazıldı. Bunu təkcə ölkə ictimaiyyəti deyil, seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də öz hesabatlarında, açıqlamalarında xüsusi olaraq vurğuladılar. Heç şübhəsiz ki, bu faktlar, demokratik, şəffaf və ədalətli formada təşkil olunan parlament seçkiləri həyata keçirilən siyasi islahatların növbəti mərhələsi kimi yüksək qiymətləndirilir.

Bu fikirləri Qərbinfo.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, ölkəmizin uğurlarına sevinənlərlə bərabər, inkişafımıza qısqanclıqla yanaşan xarici və daxili dairələr də öz çirkin əməlləri ilə hələ də “nəfəs aldıqlarını” nümayiş etdirməyə çalışırlar: “Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda da qeyd edildiyi kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxs icazəsiz aksiya keçirməyə cəhd edib. MSK nümayəndələri onlarla söhbət aparmağa çalışıblar, amma icazəsiz aksiyada iştirak edənlər buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdiriblər. Əraziyə gələn polis əməkdaşları qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Bütün xəbərdarlıqlara baxmayaraq, onlar yenə də öz əməllərindən əl çəkməyiblər. Təbii olaraq polis qanunun tələb etdiyi kimi, öz vəzifə borcunu yerinə yetirərək bu qeyri-qanuni aksiyanın qarşısını alıb. Bu, bir qürurverici faktdır ki, Azərbaycan hüquqi dövlətdir. Ona görə də hər kəs ölkə qanunlarına əməl etməli, ona tabe olmalıdır. Təbii ki, belə özbaşınalıqların qarşısı daim dövlətçiliyin keşiyində dayanan Azərbaycan polisi tərəfindən qətiyyətlə alınacaq, qanunsuz əməllərə və hərəkətlərə hüquqi qiymət veriləcək.

Parlament seçkilərində məğlub olmuş bəzilərinin sifarişini yerinə yetirən bu qanun pozucuları dərk etməlidirlər ki, Azərbaycanın Milli Məclisi 125 nəfərdən formalaşır və qanunverici orqana ən yüksək səs toplamış qaliblər deputat seçilir. Bu il parlament seçkilərində rekord həddə namizəd qeydə alınmışdır. Namizəd olmuş 1500-ə yaxın insanın hamısını 125 yerə sığışdırmaq mümkün deyil. Bu, seçkidir. Bu, bir siyasi mədəniyyət tələb edən böyük siyasi aksiyadır. Bu reallığı hər kəs anlamalı, məğlub olmuşlar isə öz riyakar niyyətlərindən əl çəkməli, məğlubiyyətlərini etiraf etməli, qalib olmuşlara xoş arzularını ifadə etməlidirlər. Budur sivil seçki mədəniyyətinə xidmət, bunun əksinə olaraq qanunları pozub hansısa qüvvənin, yaxud kimlərinsə çirkin sifarişlərini yerinə yetirmək ən böyük cinayətdir. Cinayət isə cəzasız qalmamalıdır”.

YAP-ın Siyasi Şurasının üzvü bildirib ki, kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar qanunun aliliyinə və insanların seçiminə hörmətlə yanaşmalı, qanunun qarşısında bərabərhüquqlu məsuliyyət daşımalıdır. Şübhə etmirəm ki, bu hərəkətləri və əməlləri törədənlərə qarşı qanunun aliliyi ilə yanaşılacaq, qanunu pozan insanlar layiqli cəzalarını alacaqlar.

Baş redaktor vurğulayıb ki, 9 fevral parlament seçkilərində səsvermə zamanı sosial şəbəkələrdə yayılan bəzi videolarda polisin guya zorakılığa yol verməsi ilə bağlı fikirlər formalaşdırılmağa da cəhdlər olub: “Sözsüz ki, bütün bunlar qərəzli və ədalətsiz yanaşmalardır. Qeyd edək ki, polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edir, qanunauyğun tədbirlər həyata keçirir. Bəli, biz bir məntəqədə buna rast gəlmişik. Məntəqə sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmət aparan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Polis həmin şəxsi nizam-intizama dəvət edib, ondan məntəqəni tərk etməsini istəyib. Amma həmin şəxs polisin qanuni tələbinə əməl etməyib və müqavimət göstərib. Polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıblar. Ciddi xəbərdarlıqdan sonra onun yenidən məntəqəyə daxil olmasına icazə verilib. Hesab edirəm ki, polis səsvermə günü öz xidmətini yüksək səviyyədə, qanunun tələbinə uyğun formada həyata keçirib, seçicilərin rahat formada səs verməsi üçün lazım olan bütün tədbirlər görülüb”.

V.Rəhimzadə əlavə edib ki, polisi qaralamaq, onun fəaliyyətinə kölgə salmaq siyasi riyakarlıqdır və bu kimi hallar qəbuledilməzdir: “Nəzərə almaq lazımdır ki, polis qanunun ona verdiyi imkanlar daxilində hərəkət edir. Polisin əsas vəzifəsi isə ölkədə asayişi, insanların təhlükəsizliyini qorumaqdır. Əgər kimsə qanunu pozursa, mütləq qarşısında asayiş keşikçisini görəcək. Bu, dünyanın hər yerində belədir. Götürək elə Avropa ölkələrini. Zaman-zaman biz bu ölkələrdə insanların keçirdikləri aksiyaların və polislə qarşıdurmaların şahidi oluruq. Heç kim deyə bilməz ki, qanunu kobud şəkildə pozan, vəhşilik edən hansısa şəxsin hərəkətlərinə göz yumulur. Əgər kimsə polisin nəzakətli formada edilən tələbinə əməl etmirsə, ona qarşı güc tətbiq etmək artıq qaçılmazdır. Bütün bunlar da polisin qanuni vəzifələridir. Hər zaman təhlükəsizliyimizin keşiyində dayanan, şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək və polisin qanuni tələblərinə sözsüz əməl etmək lazımdır”.






Son Xəbər