XƏBƏR, SOSİAL
12-02-2020, 12:55

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən Qərbinfo.az-a bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 1410 olmaqla ümumilikdə 1856 namizəd qeydiyyatdan keçib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Bununla yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 172 nəzarətçi müəllim ayrılıb.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.






Son Xəbər