XƏBƏR, SİYASƏT
24-01-2020, 20:37

Rusiya nümayəndə heyəti Ümummilli Liderin məzarını ziyarət edib

Rusiya nümayəndə heyəti Ümummilli Liderin məzarını ziyarət edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçirilir.

Qərbinfo.az-ın məlumatına görə, Rusiya nümayəndə heyətinin üzvləri Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə Moskva Hökumətinin naziri, Moskva şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Moskva Müzikl Teatrının bədii rəhbəri Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiyadan gəlmiş digər qonaqlar iştirak ediblər.

Qonaqlar Fəxri xiyabanda dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin də xatirəsini yad ediblər. Sənətkarın məzarı üstünə tər çiçəklər qoyulub.

Mixail Qusman jurnalistlərə müsahibəsində vurğulayıb ki, Rusiya ilə Azərbaycanı həm mədəniyyət sahəsində, həm də başqa sahələrdə sıx dostluq telləri bağlayır. Onun sözlərinə görə, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” kimi tədbirlərin keçirilməsi ölkələrimizin humanitar əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır.

M.Qusman xüsusi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bərqərar olmasına böyük töhfə verib.






Son Xəbər