XƏBƏR, SİYASƏT
20-01-2020, 14:00

Parlament seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün

Parlament seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün

Fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti yanvarın 20-də başa çatır.

Qərbinfo.az-ın məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, akkreditasiya üçün sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək, yəni 2020-ci il yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Yanvarın 20-də həmçinin səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.

Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi müddəti də yanvarın 20-də başa çatır.

Bundan əlavə, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının ictimailəşdirilməsi prosesi də yanvarın 20-də başa çatır.






Son Xəbər