XƏBƏR, MANŞET-SLAYDER
14-01-2020, 17:08

İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır

İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycanda həyata keçirilən uğurlu islahatlardan yazır

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar barədə məqalə dərc edib.

Qərbinfo.az xəbər verir ki, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli analitik məqaləsinə istinadla yazılmış materialda Azərbaycanda qazanılmış uğurlar geniş təhlil olunur. UNA-nın əməkdaşı xüsusən ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır. Qeyd edir ki, Azərbaycanın yeni neft strategiyasının müsbət nəticələri artıq göz qabağındadır. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə imzalanmış və “Əsrin müqaviləsi” adını almış neft kontraktı ölkəmizi inkişaf yoluna çıxarıb və neft sənayesinin, bütövlükdə ölkənin sonrakı taleyində həlledici rol oynayıb.

Məqalədə deyilir: “Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanıyır və qəbul edir. Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycan islahatları həyata keçirən ən yaxşı 20 ölkə arasında yer alır. Davos Dünya İqtisadi Forumunun hesabatında isə uzunmüddətli hökumət strategiyası baxımından Azərbaycan 10-cu, islahatlara diqqət baxımından 5-ci yerdədir. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir”.

Azərbaycan Prezidenti İlham Əliyevin dünyada artmaqda olan islamofobiya hallarını dəfələrlə kəskin tənqid etdiyini diqqətə çatdıran məqalə müəllifi dövlətimizin başçısının müsəlman dünyası liderlərini Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı daha qətiyyətli mövqe ortaya qoymağa çağırdığını bildirir.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birləşdirən UNA 1972-ci ildə təsis olunub. Əsas məqsədi İslam ölkələri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq olan UNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır. AZƏRTAC Birliyin İcraiyyə Şurasının 12 üzvündən biridir.






Son Xəbər