XƏBƏR, SİYASƏT
14-01-2020, 10:52

Azərbaycanın İtaliyadakı səfiri “European Affairs” jurnalında ölkəmizin iqtisadi potensialından danışıb

Azərbaycanın İtaliyadakı səfiri “European Affairs” jurnalında ölkəmizin iqtisadi potensialından danışıb

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “European Affairs” online jurnalında geniş müsahibəsi dərc olunub.

Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən Qərbinfo.az-a verilən məlumatına əsasən, müsahibə 14 yanvar tarixində Romada keçiriləcək Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası iqtisadi komissiyanın 5-ci iclası ərəfəsində ölkəmizin iqtisadi potensialı və Azərbaycan-İtaliya arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı mövzulara həsr olunub.

Diplomat müsahibəsində Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri, əhalisinin yüksək artım səviyyəsi və güclü iqtisadi potensialı ilə Cənubi Qafqazın ən böyük dövləti olduğunu, ölkəmizin iqtisadi inkişafının əsasını təşkil edən enerji sənayesi ilə yanaşı, son illərdə qeyri-neft sektorlarının da sürətlə inkişaf etdiyini, ölkəmizdə genişmiqyaslı islahatların aparıldığını, bu müsbət nəticələrin bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının “Doing Business-2019” hesabatında əks olunduğunu bildirib.

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi inkşafın dayanıqlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan diplomat, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, locistika sektorlarındakı layihələrdən söz açıb, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində azad iqtisadi zonanın həm Avropa, həm Asiya bazarlarına xidmət edəcəyini, həm də Avropa ilə Asiyanı birləşdirən geniş beynəlxalq locistika şəbəkəsinin bir hissəsi kimi Xəzər regionunda mühüm bir locistika mərkəzi rolunu oynayacağını, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin strateji əhəmiyyətinin daha da artıracağını, eyni zamanda italyan şirkətləri üçün də yeni imkanlar yaradacağını deyib.

Diplomat İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, ölkəmizin isə İtaliya üçün əsas xam neft tədarükçüsü olduğunu, TAP-ın istismara verilməsindən sonra Azərbaycanın İtaliya üçün enerji təcizatçısı kimi rolunun daha da artacağını deyib, habelə ölkəmizin Cənubi Qafqazda İtaliya məhsullarının əsas idxalçısı olduğunu və Azərbaycana italyan ixracatının həcminin İtaliyanın Cənubi Qafqazın digər iki ölkəsi ilə birlikdə ticarət dövriyyəsinin həcmindən daha çox olduğunu vurğulayıb. Çoxsaylı italyan şirkətlərinin Azərbaycanın enerji, neft-kimya, infrastruktur, ətraf mühit, İKT sektorlarında həyata keçirdiyi layihələrdən söhbət açan diplomat iki ölkənin bir-birini tamamlayan iqtisadiyyatlara malik olduqlarını, italyan "know-how" və texnologiyalarının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi üçün əhəmiyyətli olduğunu, ölkəmizin isə İtaliya üçün vacib enerji təchizatçısı olmaqla yanaşı, son illərdə bir sıra digər mallar, o cümlədən əsas fındıq tədarükçülərindən də biri olduğunu, habelə Azərbaycan Dövlət Neft Fondu tərəfindən də İtaliyaya önəmli sərmayələrin yatırıldığını bildirib.

Müsahibədə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən söz açan diplomat bu tədbirlərin Azərbaycanda təşkilinin ölkəmizə böyük etimadın göstəricisi olduğunu, ölkəmizin ötən müddət ərzində dialoq üçün vacib bir platformaya çevrildiyini, bütün bunların da Azərbaycanın təkcə vacib siyasi və iqtisadi tərəfdaş kimi deyil, eyni zamanda turizm istiqaməti kimi tanınmasında mühüm rol oynadığını deyib, ölkəmizin turizm potensialı, habelə bu yaxınlarda İtaliyanın aparıcı turizm bələdçi nəşriyyat evi Polaris tərəfindən nəşr olunmuş Azərbaycan turizm bələdçi kitabı barədə məlumat verib. Diplomat Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının bir sıra oyunlarına ev sahibliyi edəcəyini, bu oyunların italyan idman və səyahət sevərlərin Azərbaycanı ziyarət etmək üçün maraqlı imkanlardan olacağını bildirib.

Sonda diplomat 14 yanvar tarixində Romada keçiriləcək Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası iqtisadi komissiyanın 5-ci iclası barədə danışıb, hər iki ölkənin səlahiyyətli qurumlarının nümayəndələrini bir araya gətirərək bu iclasın iki ölkə arasında iqtisadiyyatla yanaşı, humanitar, mədəniyyət, səhiyyə, elm-təhsil sahələrində əməkdaşlıqda əldə edilmiş nəticələrin müzakirəsi və Azərbaycan-İtaliya strateji tərəfdaşlığını daha da gücləndirmək üçün yeni hədəflərin müəyyənləşdirilməsində mühüm bir platforma olduğunu diqqətə çatdırıb.

Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:






Son Xəbər