XƏBƏR, İQTİSADİYYAT
29-12-2019, 23:29

Bu il ölkədə qazlaşdırma proqramı 14 min 227 fərdi yaşayış evini əhatə edib

Bu il ölkədə qazlaşdırma proqramı 14 min 227 fərdi yaşayış evini əhatə edib

Cari ildə ölkədə qazlaşdırma proqramı 14 min 227 fərdi yaşayış evini əhatə edib.

Qərbinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Konfransdan əvvəl birliyin fəaliyyətinə dair perspektiv planları əks etdirən təqdimat olub.

R.Əliyev məlumat verib ki, 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Dekabrın 28-də proqramın icrası tam yerinə yetirilib və sonuncu yaşayış məntəqəsi – Goranboy rayonunun Goran qəsəbəsinə qaz açılışı təmin edilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə cari ildə birinci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Qazlaşdırma proqramı 4607 fərdi evi əhatə edir. Həmin massivlərdən 6-da qazlaşdırma işləri tamamlanıb. Digər massivlərdə qazlaşdırma işləri 2020-ci ilin birinci rübündə yekunlaşacaq. Bununla da ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96 faizə çatıb. Azərbaycanda qazlaşma səviyyəsi 2010-cu il yanvarın 1-nə 62,2 faiz təşkil edirdisə, hazırda bu göstərici 33,8 faiz artıb.

Çoxmərtəbəli binaların istismara qəbulu sahəsində də ciddi addımlar atıldığını deyən R.Əliyev bildirib ki, 11 ayda 340 binaya qaz verilişi icra olunub. Bir çox şəhid ailəsi və Qarabağ qazilərinin müraciətləri müsbət həll edilib. İstixana sahibləri ilə 3 dəfə (Şəmkir rayonu, Bakı şəhərinin Xəzər rayonu və Salyan rayonu) görüş keçirilib, qaldırdıqları bir sıra problemlər həll olunub. Bölgələrdə bu ilin aprelindən etibarən hər ay vətəndaş qəbulları təşkil edilib, onları maraqlandıran məsələlər barədə məlumat verilib, müraciətlərinin icrası nəzarətə götürülüb.

Sonda “Azəriqaz” İB-nin baş direktoru jurnalistlərin suallarını cavablandırıb.






Son Xəbər