XƏBƏR, İQTİSADİYYAT
19-12-2019, 22:30

Sahibkarlarla idxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi müzakirə edilib

Sahibkarlarla idxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi müzakirə edilib

Dekabrın 19-da Bakıda, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "İdxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi perspektivləri" mövzusunda sahibkarlar üçün seminar keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qərbinfo.az-a bildirilib ki, seminarda DGK, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və 30-dan çox sahibkar iştirak edib.

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Eser Çengel idxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi perspektivləri mövzusunda keçirilən seminarı sahibkarlar üçün faydalı hesab edib.

Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Dövlət Gömrük Komitəsinin daim sahibkarlarla görüşlər keçirdiyini və bu tədbirlərin gömrük-biznes əməkdaşlığının, biznes mühitinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, gömrük-biznes əməkdaşlığınına xidmət edən bugünki seminarı təqdirəlayiq hal hesab edərək sahibkarları aktiv olmağa səsləyib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə sahibkarların intensiv olaraq maarifləndirilməsi üçün Dövlət Gömrük Komitəsi, həmçinin Dövlət Gömrük Komitəsinin Akademiyası ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Seminar daha sonra təqdimatlarla davam edib. Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə qaydaları, Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə "Bir pəncərə" sisteminin tətbiqi vasitəsi ilə idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi", DGK-nın Gömrük Tarifləri və tarif təsnifatı şöbəsinin böyük inspektoru Fuad Məmmədov "İdxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərinin tətbiqi qaydaları mövzusunda təqdimatlarla çıxış ediblər.

Seminarın sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Son Xəbər