XƏBƏR, MƏDƏNİYYƏT
11-12-2019, 22:28

Koreyada Azərbaycan xalçası toxunur

Koreyada Azərbaycan xalçası toxunur

Azərbaycanın Seuldakı səfirliyinin Koreya Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Asiya Mədəniyyət Mərkəzi (AMM) ilə əməkdaşlığı çərçivəsində "Mədəni məhsul" layihəsi çərçivəsində ölkənin Kvancu şəhərində Azərbaycan xalçası toxunur.

Səfirlikdən Qərbinfo.az-a bildiriblər ki, layihə çərçivəsində Azərbaycandan dəvət olunmuş xalça ustasının ənənəvi üsulla toxuduğu xalça hazır olandan sonra yekun məhsul kimi Asiya Mədəniyyət Mərkəzinə təqdim ediləcək.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov Kvancu şəhərində Asiya Mədəniyyət Mərkəzinin prezidenti Li Cinşik ilə görüşündə ölkəmizin xalçaçılıq sənəti barədə məlumat verib.

Bildirib ki, uzun əsrlər tarixi olan xalçaçılıq sənəti mühafizə edilərək dövrümüzdə də yaşadılır. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib, dünyada ilk ixtisaslaşmış xalça muzeyi məhz ölkəmizdə yaradılıb, xalçalarımız Luvr, Metropolitan, Boston, Filadelfiya, Viktoriya və Albert muzeylərində, eləcə də Ermitajda nümayiş etdirilir.

R.Teymurov səfirliyin AMM ilə əməkdaşlığının 2018-ci ildən başladığını, qısa müddətdə iki uğurlu layihənin birgə həyata keçirildiyini diqqətə çatdırıb. O, ilk layihə kimi koreyalı rəssamların Azərbaycan hekayələri əsasında çəkdikləri illüstrasiyalardan ibarət kitabın gələn ilin ortalarında nəşr etdiriləcəyini deyib.

AAM-ın prezidenti Li Cinşik səfirliklə rəhbərlik etdiyi mərkəz arasında əməkdaşlığı yüksək qiymətləndirərək, Azərbaycanın mərkəz üçün yeni ölkə olmasına baxmayaraq, qısa müddətdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. O, qeyd olunan hər iki layihənin Azərbaycan mədəniyyətinin Koreyada tanıdılmasına imkan yaradacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycanın Koreya Respublikasındakı səfirliyi ilə Asiya Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Asiya Mədəniyyət İnstitutunun (AMİ) prezidenti Li Qi Pyo ilə görüşdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə hazırlanmış mükafat iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə prezidentə təqdim edilib.

Görüşdə xalça ustası Lalə Əliyeva və köməkçisi Nərgiz Novruzova "Azərbaycanın xalçaçılıq sənəti" mövzusunda təqdimat ediblər.






Son Xəbər