XƏBƏR, SİYASƏT
7-12-2019, 21:20

Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib.

Qərbinfo.az xəbər verir ki, konfransda çıxış edən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bu il ölkəmizdə diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. Bu xüsusda orta əsrlər dövründən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti, sovet hakimiyyəti illəri və dövlət müstəqilliyimizin bərpasından sonra diplomatiyamızın keçdiyi tarixi inkişaf yolundan söz açan səfir xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın diplomatiya tarixindəki əvəzsiz xidmətlərindən geniş bəhs edib.

Diplomat xarici siyasətimizin prioritet istiqamətlərinin məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində formalaşdığını bildirib. Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa edildiyi o ağır siyasi, sosial-iqtisadi böhran və müharibə illərində Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtmasından sonra ölkəmiz beynəlxalq birliyin layiqli üzvünə çevrilə bildi. Çətin coğrafi bir məkanda yerləşən Azərbaycan kimi bir ölkədə müstəqil və balanslı xarici siyasət kursunun böyük uğurla həyata keçirildiyini qeyd edən səfir bu gün ölkəmizin BMT, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və s. nüfuzlu beynəlxalq təşkilatların üzvü olduğunu və bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

C.Axundov bu gün xalqımızın bəhrələndiyi beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat-infrastruktur layihələri - “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. bu kimi layihələrin məhz ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslı və çoxşaxəli xarici iqtisadi siyasətin məhsulu olduğunu qeyd edib. Məhz bu siyasətin ölkəmizi Avropanın etibarlı enerji və ticarət tərəfdaşına çevirdiyini diqqətə çatdıran diplomat bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynadığını bildirib.

Dünyanın müxtəlif bölgələrində Azərbaycanın 70-dən çox diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyini qeyd edən səfir Latviya ilə əlaqələrimizin uğurlu inkişaf yolu keçdiyini və fürsətdən istifadə edərək Latviya tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və bu xüsusda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə göstərdiyi davamlı beynəlxalq dəstəyə görə dərin təşəkkürünü ifadə edib.

Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers hər bir xalqın öz tarixi, qəhrəmanı və lideri olduğunu bildirib. Qeyd edib ki, onların xatirəsinin hər zaman yad edilməsi önəmlidir. Azərbaycan xalqının da milli liderinin Heydər Əliyev olduğunu qeyd edən V. Zatlers onsuz müasir Azərbaycan Respublikasını təsəvvür etməyin mümkün olmadığını bildirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaqdan şərəf duyduğunu və bəşər tarixində öz imzası ilə tanınan dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin timsalında Azərbaycan xalqını müdrik bir xalq olaraq xarakterizə edən V. Zatlers ümummilli lider Heydər Əliyevin bu xalqın layiqli övladı olduğunu bir daha vurğulayıb.

Azərbaycan-Latviya əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən keçmiş Prezident ölkələrimizin və xalqlarımızın təkcə tərəfdaş deyil, yaxın dost olduğunu diqqətə çatdırıb. Bütün bunlara görə V. Zatlers Azərbaycanın diplomatik xidmət orqanlarının xidmətlərini yüksək qiymətləndirib.

Sonra konfrans iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Hakimiyyətin yükü” sənədli filmi nümayiş etdirilib.

Tədbirin yekununda ümummilli lider Heydər Əliyevin ruhuna ehsan verilib.

Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb






Son Xəbər