XƏBƏR, DÜNYA
7-12-2019, 15:22

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulub.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticəsidir ki, 2002-ci ildən başlayaraq gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Sonuncu müsabiqənin yekunu da nəzərə alınmaqla, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilənlərhazırda prokurorluq orqanlarının kadr korpusunun 70 faizini təşkil edir.

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 29 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2019-cu il dekabrın 3-dən 5-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir.

Müsabiqənin nəticələrinə görə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları" ilə müəyyənləşdirilmiş keçid balını toplamış 29 namizəd 9 dekabr 2019-cu il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilmişdir.






Son Xəbər