XƏBƏR, SOSİAL
30-11-2019, 22:57

Vəkillər Kollegiyasının və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib

Vəkillər Kollegiyasının və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib

Noyabrın 30-da Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn tələblərin icrası ilə əlaqədar “dəyirmi masa” keçirilib.

Vəkillər Kollegiyasından Qərbinfo.az-a bildiriblər ki, 20-dən çox hakimin, 40-dan artıq vəkilin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təmsilçilərinin iştirakı ilə keçirilən “dəyirmi masa”nın məqsədi hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında qarşılıqlı prosessual münasibətlərin, bu sahədə ortaya çıxa biləcək problemlərin təhlilidir.

Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov çıxışında ölkəmizdə məhkəmə-hüquq islahatları çərçivəsində aparılan mütərəqqi islahatlar, hazırda təcrübədə rastlaşılan vəkil-hakim münasibətlərinin etik tərəfləri barədə məlumat verib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında münasibətlər baxımından əhəmiyyəti, vəkillərin aparılan məhkəmə-hüquq islahatlarında rolu, Vəkillər Kollegiyası ilə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı arasında əməkdaşlıq münasibətlərinin zəruriliyini qeyd edib.

Anar Bağırov çıxışında vəkillər və hakimlər arasında bu formatda tədbirin ilk dəfə keçirildiyini xüsusi vurğulayıb.

Tədbirdə Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun “Hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında münasibətlərin prosessual və etik aspektləri – hakim baxışı”, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Hakimlər, vəkillər, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları arasında münasibətlərin prosessual və etik aspektləri – vəkil baxışı”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubovanın “Vəkillərin məhkəmələrdə davranışına dair beynəlxalq standartlar” mövzusunda təqdimatları dinlənilib.

Sonda faydalı fikir mübadiləsi aparılıb.






Son Xəbər