XƏBƏR, İQTİSADİYYAT
30-11-2019, 17:52

On ayda meyvə-tərəvəz ixracının dəyəri 455,5 milyon dollar olub

On ayda meyvə-tərəvəz ixracının dəyəri 455,5 milyon dollar olub

Yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracının dəyəri 455,5 milyon ABŞ dolları təşkil edib.

Qərbinfo.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Qeyd olunur ki, hesabat dövründə plastmas və onlardan hazırlanan məmulatların ixracının dəyəri 161,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 milyon, pambıq lifi ixracı 91,8 milyon, kimya sənayesi məhsullarının ixracı 86,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50,9 milyon, pambıq ipliyi ixracı 24,5 milyon, şəkər ixracı 24,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracının dəyəri isə 21,4 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 62 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 56 faiz, pambıq lifinin ixracı 42 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ipliyinin ixracı 28 faiz, meyvə-tərəvəzin ixracı 12 faiz, şəkər ixracı 10 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.

Oktyabrda qeyri-neft sektoru üzrə ixracın dəyəri 160 milyon dollar təşkil edib. Keçən ilin eyni ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 16 milyon dollar və ya 11 faiz artıb. Ötən ay qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (68,3 milyon dollar), İsveçrəyə (22,4 milyon dollar), Türkiyəyə (20,6 milyon dollar), Gürcüstana (8,3 milyon dollar) və Ukraynaya (7 milyon dollar) ixrac edilib. Oktyabrda qeyri-neft sektoru üzrə ixracda xurma (27,1 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 21,4 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (10,7 milyon dollar) üçüncü olub.






Son Xəbər