XƏBƏR, SİYASƏT
5-11-2019, 18:25

"Verilən vədlər əməli işlərdə özünü doğrultdu"

"Verilən vədlər əməli işlərdə özünü doğrultdu"
“Bu gün dövlət başçsının rəhbərliyi ilə ölkəmizin sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində istər paytaxt, istərsə də regionlarda keçirilən layihələr nəticəsində əhalinin maddi-rifah halının yüksəlməsinə müsbət təsir göstərib”.

Bu fikirləri Qərbinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, sosial layihələrin uğurlu icrası nəticəsində müharibədən, işğaldan əziyyət çəkən, doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın həyat tərzi daha da yaxşılaşdırılıb: “Bu qəbildən olan insanlar daim dövlətin diqqət mərkəzində saxlanılır və onlar qayğı ilə əhatə olunurlar”.

Deputatın sözlərinə görə, son illərdə qaçqın və məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıb: “Bu qəsəbələr hər cür infrastruktura malikdir. İşıqlı, asfalt küçələr, məktəb, uşaq bağçası, mədəniyyət evləri sakinlərin ixtiyarına verilib. Bu vaxta qədər üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət indi də davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni salınmış köçkün qəsəbəsi sosialyönümlü layihələrin davam etdirildiyindən xəbər verir. Həmin qəsəbədə də bütün infrastruktur öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsinin, təqribən 20 min insanın yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Bütün bunlar aztəminatlı ailələrə, əlillərə, şəhid ailələrinə və məcburi köçkünlərə göstərilən qayğının dövlət siyasətinin prioritetini təşkil etməsindən xəbər verir”.

M.İbrahimqızı qeyd edib ki, müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib: “Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə də bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək. Verilən vədlər əməli işlərdə özünü doğrultdu və bu gün də həmin xeyirxah missiya uğurla davam etdirilir”.






Son Xəbər