XƏBƏR, İQTİSADİYYAT
5-11-2019, 12:20

Ervin Bollinqer: İsveçrə ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir

Ervin Bollinqer: İsveçrə ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir

Azərbaycan İsveçrə üçün mühüm ölkədir. Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. İsveçrə ilə Azərbaycan həm Dünya Bankı çərçivəsində sıx əməkdaşlıq edir, həm də öz aralarındakı iqtisadi əlaqələri gücləndirirlər.

Bu fikirləri Qərbinfo.az-a açıqlamasında Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Ervin Bollinqer bildirib.

O qeyd edib ki, Birgə Komissiya iki ildən bir keçirilən iclaslarında iqtisadi əlaqələrin perspektivlərini müzakirə edir, eləcə də hər iki ölkədə və dünyada gedən iqtisadi proseslər barədə fikir mübadiləsi aparır. Komissiya çərçivəsində bazarların analizi aparılmaqla yanaşı, hansı şirkətlərin hansı bazarda daha uğurlu fəaliyyət göstərə biləcəyi nəzərdən keçirilir, qarşılıqlı ticarət dövriyyəsi və investisiyalar üçün göstəricilər müqayisə edilir. “Ölkələrimiz arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Son illərdə ticarət dövriyyəsində və investisiyalarda artım müşahidə olunur. SOCAR-ın İsveçrədə yanacaqdoldurma məntəqələri şəbəkəsinə yatırdığı sərmayələr xüsusi qeyd edilməlidir”, - deyə E. Bollinqer bildirib.

Komissiyanın həmsədri qeyd edib ki, İsveçrədən Azərbaycana əsasən istehlak məhsulları və sənaye malları ixrac olunur. Qeyri-neft sektoru məhsulları ilə bağlı böyük potensial mövcuddur. İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfələrini verə bilərlər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri enerji sektorunda şaxələndirməyə nail olmaqdır. Bu sahədə yaxşı təcrübəyə malik İsveçrə şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə yaxından iştirak edə bilərlər.






Son Xəbər