XƏBƏR, SİYASƏT
7-10-2019, 18:15

Terror kabusundan qurtuluş Türkiyənin təhlükəsiz gələcəyinin əsasıdır

Terror kabusundan qurtuluş Türkiyənin təhlükəsiz gələcəyinin əsasıdır

Azərbaycan ilə Türkiyədə arasında mövcud olan qarşılıqlı sevgi tarixi köklərə bağlı olan genetik instinktə çevrilib. Məhz bu səbəbdəndir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası Türkiyədə qardaş sevinci ilə qarşılandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı nəticəsində müstəqilliyimizin qorunması istiqamətində həyata keçirilən ardıcıl uğurlu siyasi addımlar hər iki ölkənin kompleks inkişafı üçün əsaslı zəmin yaratdı. Əlamətdar haldır ki, indi hər iki ölkədə Azərbaycansız Türkiyə, Türkiyəsiz Azərbaycan təsəvvür edilmir.

Yazıya bu girişlə başlamağım təsadüfi deyil. Qarşılaşdığı terror kabusu, qonşu ölkələrdəki münaqişələrin təsiri, xüsusilə sonu hələ də görünməyən Suriya böhranının yaratdığı fəsadlar, o cümlədən qaçqın axını və s. məsələlərin çözülməməsi qardaş Türkiyə üçün ağrılı problemlərə çevrilib. İndi ortaya belə bir sual çıxır: nə baş verir? Bu suala cavab tapmaq üçün bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir açıqlamasına diqqət yetirmək lazımdır. Dövlət başçısı açıq-aşkar ifadə etdi ki, Türkiyəni müharibəyə cəlb etmək, terrorçu qruplaşmalarla üz-üzə qoymaq, ölkə iqtisadiyyatını çökdürmək istəyirlər. Doğrudan da real vəziyyət belədir ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında, Suriya ərazisində və ölkə daxilində, belə demək mümkündürsə bir neçə cəbhədə antiterror əməliyyatları aparmaq məcburiyyətindədir. Bütün bu əməliyyatlara xeyli yanacaq, silah-sursat sərf olunur. Bundan başqa, şəhidlərin və qazilərin sosial müdafiəsi ilə bağlı dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Məhz elə bu yerdə PKK terror təşkilatının təxminən qırx il ərzində ölkədə yaratdığı kabusa diqqət etmək lazımdır. PKK qurulan gündən bəri Türkiyə dövləti və ictimaiyyəti üçün aşağıdakı problemlər yaradıb. Belə ki, əhalinin dövlətə inamını azaltmaq üçün müxtəlif təxribatlara əl atılır, mütəşəkkil cinayətkar qruplar və terror təşkilatları narkotiklərin qanunsuz dövriyyəsindən və qaçaqmalçılıqdan külli miqdarda gəlir əldə edir, ailələr digər övladlarını qorumaq üçün övladlarından birini və ya bir neçəsini PKK sıralarına qoşulmasına razılıq verir, şirkətlər, iş adamları, zəngin şəxslər PKK-ya pul ödəməyə məcbur edilir, PKK-nın məğlubedilməzliyi barədə saxta mif, bu terror təşkilatına qarşı çıxanların cəzalandırılması nəticəsində xof yaradılır və s.

Bütün bu amillər təsdiq edir ki, PKK terror təşkilatının fəaliyyəti sadəcə terror aktları törətməklə yekunlaşmırdı. Eyni zamanda, qeyd etmək lazımdır ki, dövlətçilik üçün təhlükəli olan bütün bu fəsadların ortaya çıxmasında FETÖ-nun da müstəsna rolu olub. Zaman-zaman güc strukturlarında yerləşən FETÖ-çular dövlət əhəmiyyətli məlumatları, o cümlədən PKK-ya qarşı olan, ondan şikayət edənlər barədə terror təşkilatına mütəmadi qaydada informasiyalar ötürüb və bunlara da PKK xofunun yaranmasına nail olub. Hazırda Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində bütün bu zəif nöqtələr ortadan qaldırılır. İlk növbədə, əhalidə dövlətə inam yaranıb. Artıq insanlar PKK-nın cinayətkar əməlləri barədə qorxmadan müraciət və ya şikayət edirlər. Məhz bunun nəticəsidir ki, təxminən 50 günə yaxındır PKK-nın siyasi qanadı sayılan Xalqların Demokratik Partiyasının (HDP) Diyarəbəkir şöbəsinin qarşısında davamlı piket keçirilir. Övladları PKK düşərgələrinə zorla aparılan valideynlər onları HDP-dən tələb edirlər. Ölkənin hər bir bölgəsində bu aksiyaya dəstək verilir. Ən son məlumatlara görə, HDP rəsmiləri yeniyetmələri PKK düşərgələrinə aparmağa vasitəçilik etməklə hər bir nəfərə görə PKK-dan təxminən 15 min lirə (2700 ABŞ dolları) vəsait alıblar. Digər tərəfdən, PKK-nın maliyyə mənbələri sayılan narkotiklərin qanunsuz dövriyyəsinin, o cümlədən narkotik tərkibli bitkilərin əkilməsi və becərilməsinin, siqaret qaçaqmalçılığının qarşısının alınması üçün uğurlu əməliyyatlar keçirilib.

Hazırda PKK-ya qarşı Türkiyə dövlətinin apardığı mübarizə bir neçə mühüm istiqamətdə davam etdirilir. Bu istiqamətlər əsasən aşağıdakılardır:

- Terror düşərgələrinin, təlim yerlərinin və sığınacaqların dağıdılması;

-PKK-nı idarə edən şəxslərin axtarışa verilməsi, onların tutulması və zərərsizləşdirilməsi üçün pul mükafatlarının ayrılması, terror təşkilatının maliyyə mənbələrinin ifşa edilməsi;

- Terrorçu təşkilatın sıralarına zorla, aldadılma və yaxud şirikləndirmə yolu ilə cəlb olunanları təbliğat, ailələrlə aparılan danışıqlar və digər üsullarla təslim olmağa inandırmaq və s.

...Bütün hallarda hökumətin son iki ildə apardığı antiterror əməliyyatlarının nəticələri Türkiyə dövləti və əhalisi üçün həyati əhəmiyyət daşıyır. Avtomobillərin, meşə zolaqlarının yandırılmasının, mədənlərə, tarlalara hücum edilməsinin, yaylaqlardan sürülərin aparılmasının qarşısının alınması vətəndaşları terror təşkilatlarına qarşı mütəşəkkil mübarizəyə həvəsləndirdiyini demək mümkündür. Görünən budur ki, bu proses qarşısıalınmazdır. Ən azı ona görə ki, terror kabusunun yaratdığı acıları demək olar bütün ailələr öz həyatında yaşayıblar. Türkiyədə tək-tük ailə tapmaq mümkündür ki, terror bəlasını bu və ya başqa bir şəkildə hiss etməsin. Terrorun yaratdığı risklər isə hamı üçün eynidir. Heç kəs bu kabusdan sığortalanmayıb. Bir sözlə, terror kabusundan qurtuluş Türkiyənin təhlükəsiz gələcəyinin əsasıdır.






Son Xəbər