XƏBƏR, SİYASƏT
4-10-2019, 22:46

Deputat AŞPA-da Ermənistan rəhbərliyinin reallıqdan uzaqlaşaraq illüziyalar aləminə qapıldığını bəyan edib

Deputat AŞPA-da Ermənistan rəhbərliyinin reallıqdan uzaqlaşaraq illüziyalar aləminə qapıldığını bəyan edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında son plenar iclas ənənəvi olaraq sərbəst müzakirələrə həsr edilmişdi.

Deputatlar sessiyanın gündəliyində olmayan, aktual hesab etdikləri məsələlərlə bağlı fikirlərini ifadə etdilər.

Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmiz üçün birinci dərəcəli önəm kəsb edən Ermənistanın Azərbaycana qarşı təcavüzündən, bu işğalın acı nəticələrindən, hazırda danışıqlar prosesinə yaradılan əngəllərdən söz açdı: “Mən 2 üzv dövlət arasında danışıqlar prosesində yaradılan maneələrdən bəhs etmək istəyirəm. Artıq 30 ilə yaxındır ki, 2 üzv dövlət rəsmən elan edilməmiş, amma davam edən müharibə şəraitindədir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 30 ilə yaxındır ki, mütəmadi olaraq həm Ermənistana, həm Azərbaycana cəbhə bölgəsindən tabutlar gəlməkdədir. O tabutları Azərbaycanda da, Ermənistanda da ilk qarşılayan gözüyaşlı analardır. Ən əvvəl onlar istəyirlər ki, bu lənətə gəlmiş müharibə ən qısa zamanda başa çatsın. Münaqişəyə son qoyulmasının beynəlxalq səviyyədə müəyyən olunmuş formatı isə danışıqlardır”.

Avropa Şurasına üzv qəbul edilərkən Ermənistanın götürdüyü əsas öhdəliklərdən birinin münaqişəyə sülh yolu ilə son qoymaq olduğunu, lakin indiyədək bu istiqamətdə ciddi bir addım atmadığını diqqətə çatdıran Rafael Hüseynov fikrinə davam edərək deyib: “Azərbaycan və Ermənistanın Avropa Şurasına üzv olarkən 19 il əvvəl qəbul etdikləri əsas öhdəliklərdən biri münaqişənin həllinə diplomatik vasitələrlə nail olmaq idi. Lakin indi bu istiqamətdə son dərəcə mürəkkəb, hətta çıxılmaz vəziyyət yaranıb. Bunun əsas səbəbkarı isə Ermənistan rəhbərliyi, onların verdiyi qeyri-konstruktiv bəyanatlar, atdıqları impulsiv addımlardır. Həm də bunlar o qədər aşkar görünən həqiqətlərdir ki, artıq həm Ermənistanın özündə, həm beynəlxalq dairələrdə bu barədə həyəcanla danışmağa başlayıblar. Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə, əlləri Qarabağ müharibəsinin qanına batmış insanlar ölkə rəhbərliyindən gedəndən sonra hər kəs danışıqlar prosesinə ümidlə baxmağa, irəliləyişlər baş verəcəyinə ümid bəsləməyə başlamışdı. Lakin təəssüf ki, bu ümidlər özünü doğrultmadı. Ermənistan dövlətinin başçısı bütün beynəlxalq hüquqi sənədlərə, Azərbaycanın beynəlxalq birlik tərəfindən rəsmən tanınmış ərazi bütövlüyünə zidd olaraq ziddiyyətli bəyanatlar verir”.

Ermənistan rəhbərinin qeyri-konstruktiv addımları və impulsiv bəyanatlarının danışılar prosesinə vurduğu zərərin artıq həm beynəlxalq aləmdə, həm də elə Ermənistanın özündə dilə gətirildiyini bildirən Rafael Hüseynov bildirib: “Baş nazir Paşinyan deyib ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni, bu məsələ söhbət mövzusu deyil. Yalnız illüziyalar aləmində yaşayan şəxs belə bəyanatlar verə bilər. Problemin mahiyyətinə yaxşı bələd olan insanlardan biri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Mətyu Brayzə Ermənistan liderinin bu sözləri dünya kütləvi informasiya vasitələrində yayıldıqdan dərhal sonra bildirib ki, belə bəyanat danışıqlar prosesini tamamilə heçə endirir. Peşəkar diplomatın, danışıqlar prosesinin bilavasitə iştirakçılarından olmuş təcrübəli şəxsin xəbərdarlığından nəticə çıxarmaq əvəzinə, Ermənistan rəhbəri həmin bəyanatını daha sərt şəkildə təkrarlayır. Ermənistandakı demokratik qüvvələr, eləcə də səriştəli dövlət xadimləri açıq söyləyirlər ki, bu gün ölkədə yürüdülən siyasət birbaşa müharibəyə aparır. Hazırda rəsmi Yerevanın həyata keçirdiyi siyasətin nə qədər təhlükəli olduğunu anlayan Ermənistan xüsusi xidmət orqanlarının rəhbəri Artur Venetsyan istefa verməyə məcbur olub. Nəzərə alınmalıdır ki, o, həm də baş nazir Paşinyanın əsas silahdaşlarından biri idi. Ermənistan idarəçiliyindəki vəziyyətin nə qədər böhranlı olmasını elə buradan təsəvvür edin ki, hətta ən yaxın silahdaşı belə baş nazirin yanlış yolda olduğuna etiraz əlaməti kimi kənara çəkilir. İstefa verən Xüsusi Xidmət Orqanı başçısı A.Venetsyan erməni xalqına müraciətlə istefasının səbəbini də açıqlayır, həyəcanla xəbərdarlıq edir ki, dövlət quruculuğu işinin öz məntiqi var, kortəbii qərarlar uçuruma aparır. Dayanmaq lazımdır”.

Avropa Şurasını səlahiyyətləri çərçivəsində təxirəsalınmaz addımlar atmağa çağıran Azərbaycan nümayəndə heyətinin üzvü 70 yaşlı qurumu müdrik təşəbbüslərə səsləyib: “Zənnimcə, belə mürəkkəb məqamda Avropa Şurası da məsələyə biganə qalmamalı, Ermənistan rəhbərliyini danışıqlar prosesinə ciddi zərbə vuran, müharibə ritorikası saçan məntiqsiz bəyanatlardan çəkindirmək üçün öz qəti sözünü deməlidir”. Qərbinfo.az






Son Xəbər