XƏBƏR, SİYASƏT
4-10-2019, 15:21

Azərbaycan-Rusiya əlaqələri möhkəmlənir, Ermənistan isə çıxdaş olur

Azərbaycan-Rusiya əlaqələri möhkəmlənir, Ermənistan isə çıxdaş olur

Yaxud, İlham Əliyevdən Nikol Paşinyana “Qarabağ Azərbaycandır və nida işarəsi” xəbərdarlığı

Son illər Azərbaycanla Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha güclü inkişaf yolunu tutması növbəti dəfə Prezident İlham Əliyevin bu ölkəyə etdiyi səfərində, o cümlədən, orada irəli sürdüyü fikirlərində öz təsdiqini tapmış oldu. Ümumiyyətlə, dövlət başçısının Soçi səfəri və Valday klubu çərçivəsində aparılan müzakirələrdə müasir dövrün aktual məsələlərinin önə çıxarılması bir daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verilir, iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunur. Əbəs deyil ki, Prezident İlham Əliyev Valday diskusiya klubunu bu günün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçüm çox mühüm beynəlxalq məkan olaraq dəyərləndirib. Həmçinin, Rusiyanın Azərbaycanı ən mühüm tərəfdaş, dost, mehriban qonşu kimi görməsi də bu həqiqətləri özündə əks etdirir. Dövlət başçımız görüşündə vurğulayıb ki, Azərbaycan da bu münasibəti Rusiya dövlətinə qarşı bəsləyir: “Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verir... Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur”

Bu, həm də Azərbaycan xalqının haqq və ədalət səsinin beynəlxalq tribunadan səsləndirilməsi idi!

Söz yox ki, iki ölkə arasında təsdiq olunmuş “Yol xəritələri”nin reallaşdırılması da belə bir nəticə hasil etməkdədir ki, bu gerçəklik özündə digər sahələrin inkişafına kifayət qədər yol açacaq. Cənab İlham Əliyevin “Tərəflər arasında təsdiq olunmuş “Yol xəritələri”nin reallaşdırılması daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq”, fikri də həmin mövcudluğu ehtiva etməkdədir.

Onu da qeyd edək ki, müzakirələr çərçivəsində çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistanın təcavüzkar siyasətinə qarşı sərt və kifayət qədər layiqli bəyanatlar səsləndirib. Daha dəqiq desək, Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş torpaqlarımızda “Qarabağ Ermənistanındır və nöqtə” kimi sərsəm bəyanatına cavab olaraq, Prezident İlham Əlyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməsi işğalçılara verilən layiqli cavab olaraq qiymətləndirilir. Bu, həm də Azərbaycan xalqının haqq və ədalət səsinin beynəlxalq tribunadan səsləndirilməsi idi!

Rəsmi Moskva Yerevanla deyil, məhz rəsmi Bakı ilə strateji əməkdaşlıq məsələlərinə önəm verir

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirləri də diqqətdən yayınmayıb. Çünki hazırda Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluq və xüsusilə, ermənilərin anti-Rusiya yönündə çağırışları da belə düşünməyə əsas verir ki, bunun başlıca səbəbləri bir tərəfdən Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, onun verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlar, digər tərəfdən də Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da yüksəlməsi və dünyada etibarlı, səmimi tərəfdaş imici qazanmasıdır.

Təkcə bir fakta nəzər yetirək. Misal üçün, Yerevanda Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin yalnız sammitin sonunda, daha dəqiq desək, Rusiyaya geri dönüşünə az müddət qalmış Paşinyanla qısamüddətli görüş keçirdi. Ölkəsinə geri döndükdən sonra isə, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə yüksək səviyyədə qarşılanmasını təmin etdi. O cümlədən, iki dövlət arasında olan yüksək xətli inkişafı xüsusilə vurğulayaraq, dövlət başçımızın həmin istiqamətdəki fəaliyyətini qiymətləndirdi.

Bu baxımdan, rəsmi Moskvanın Yerevanla deyil, məhz rəsmi Bakı ilə strateji əməkdaşlıq məsələlərinə önəm verməsi həm də işğalçı ölkənin regiondan çıxdaş olması ərəfəsində qaldığını sübut edən amillərdəndir.

Sergey Lavrov: “Qarabağın Ermənistan olması barədə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”

Beləliklə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən bildirib: “ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”.

Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov deyib: “Bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var. Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik”.

Əlbəttə ki, bütün bu reallıqlar bilavasitə Azərbaycanın diplomatik qələbəsi və xarici siyasətinin danılmaz uğurudur. O cümlədən, bu reallıqlar kontekstində dayanan digər faktor işğalçı Ermənistanın həyata keçirdiyi qeyri konstruktiv siyasətinin nəticəsidir. Bu ölkə artıq tamamilə nüfuzdan düşüb, hətta ona tərəfdaş olan dövlətlərin də etibarını itirib. Bütün bunlar isə, eyni zamanda Azərbaycanın beynəlxalq siyasi dairələrdə və arealdakı artan nüfuzunun məntiqi göstəricisidir.






Son Xəbər