XƏBƏR, SİYASƏT
3-10-2019, 14:49

"Putin Ermənistana icazəsiz addım ata bilməyəcəyi mesajını verdi"

"Putin Ermənistana icazəsiz addım ata bilməyəcəyi mesajını verdi"

“Ermənistanda Avrasiya İqtisadi Birliyinin (AİB) beşilliyi ərəfəsində bir çox mühüm qərarın qəbulu ilə nəticələnmiş sammitini İrəvan rəsmiləri, habelə Ermənistandakı Rusiyapərəst qüvvələr öz xeyrinə olan vacib əhəmiyyətli tədbir kimi qələmə verməyə çalışsalar da, prosesin mahiyyətini təhlil etdikdə bunun tamamilə yalan olduğunu görmək olar”.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, əvvəla Rusiya prezidenti Vladimir Putinin naş nazir Nikol Paşinyana münasibətinin soyuq olması səbəbindən Rusiya dövlət başçısının sammitə qatılması müəmmalı olaraq qalmaqda idi: “Bu həm Ermənistan, həm də Rusiya mətbuatında, eləcə də siyasi kuluarlarda əsas müzakirə mövzusu idi. Putinin tədbirə qatılmayacağının əsas əlamətlərindən biri olaraq İrəvandakı Rusiya səfirliyinin prezidentin səfəri ilə bağlı heç bir hazırlıq görmədiyi qeyd olunurdu. Rusiyanın sadiq əlaltısı, son dövrlərdə Putinin şəxsi himayəsini gizlətməyə belə lüzum görmədiyi Köçəryanın həbsdə olmasından tutmuş bir sıra fikir ayrılıqları da daxil olmaqla, Paşinyanın siyasətindən narazılıq səfərin təxirə salınması ehtimalını gücləndirirdi. Lakin, görünür, ya məxfilik səbəbindən, yaxud labüd geosiyasi ambisiyalar və şərtlər yaranması zərurətindən Rusiya prezidentinin səfəri reallaşdı və o, İrəvana gələrək ondan icazəsiz Ermənistanın heç bir addım ata bilməyəcəyi mesajını verdi, öz təbirincə desək, "buranın sahibinin kim olmasını" bir daha sübut etdi”.

N. Məmmədova söyləyib ki, sözgedən sammitin mühüm geosiyasi nəticəsi ondan ibarətdir ki, planetin 63 faiz əhalisinin yaşadığı böyük bir coğrafiyanı əhatə edən Çinin "Bir qurşaq, bir yol" meqalayihəsi Avrasiya İqtisadi Birliyi məkanına nüfuz etməyi, onunla inteqrasiyanı təsbit etdi: “Bu, dünyada və bizim də yerləşdiyimiz regionda tamamilə yeni geosiyasi şərait yaradır. Ermənistan AİB vasitəsilə müəyyən layihələrə qoşulmaq imkanı əldə edə bilər. Oktyabr ayının 27-də AİB-in Çinlə imzalanmış və ticarət prosedurlarını sadələşdirən mühüm sazişlərdən biri qüvvəyə minir. Lavrov bunun regionda yeni geosiyasi konturlar cızdığını vurğulayıb. Bu onu göstərir ki, Ermənistan Rusiyanın təzyiqi ilə Avrasiya meqalayihələrinə qoşulmaqdadır. Bununla da o, Paşinyanın hakimiyyətə gəlməsindən bəri həyata keçirdiyi ABŞ və Rusiya arasında manevr imkanlarından məhrum edilməkdədir, geosiyasi, geoiqtisadi və sair nöqteyi-nəzərdən nəhəng Avrasiya layihəsinin bir hissəsinə çevrilməkdədir”.

Politoloq vurğulayıb ki, İran prezidenti Həsən Ruhaninin tədbirə dəvət edilməsi İran və Rusiyanın Ermənistanı heç zaman Vaşinqtonun Moskvaya və Tehrana qarşı istifadəsinə imkan verilməyəcəyi mesajını ötürmüş oldu: “İran Prezidenti Ruhanidən savayı, Sinqapur Prezidentinin sammitə qatılması, Moldova Prezidenti İqor Dodonun müşahidəçi qismində tədbirdə iştirakı, ABŞ-ın bir vaxtlar bombardman edib ərazisində müstəqil Kosovo dövləti yaratdığı Serbiyanın şərq tərəfdaşları ilə İrəvanda kontraktlar imzalanması ilə Rusiya Qərbə vacib geosiyasi mesajlar ötürmüş oldu. Lakin bu savaşın poliqonu növbəti dəfə də ambisiyaları ilə potensialı uyğun gəlmədiyi halda böyük güclərin oyunlarına alət edilmiş Ermənistan olacaq”.






Son Xəbər