XƏBƏR, SOSİAL
2-10-2019, 22:41

Milli Məclisdə əlilliyi olan şəxslərə dəstək məqsədilə dinləmə keçirilib

Milli Məclisdə əlilliyi olan şəxslərə dəstək məqsədilə dinləmə keçirilib

Oktyabrın 2-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsi BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə birgə “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda dinləmə keçirib.

Qərbinfo.az xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu tədbiri Azərbaycanda keçirdiyinə görə BMT-yə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, tədbirin keçirilməsinin əsas məqsədi əlilliyin əvvəlcədən qarşısının alınması məsələsidir. Azərbaycanda əlillərin sosial müdafiəsi sahəsində qəbul olunmuş qanunlardan danışan Hadi Rəcəbli bildirdi ki, bu qanunların bir neçəsi MDB məkanında, bir neçəsi isə dünya miqyasında model qanun kimi qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofiliya xəstəliklərinin qarşısının qalınması məqsədilə qanunlar hazırlanıb, nikaha daxil olanlarda bu xəstəliklərin yoxlanılması məsələsi qanuna daxil edilib. O cümlədən ölkəmizdə endokrin xəstəliklərin qarşısının alınması məqsədilə “Duzun yodlaşdırılması haqqında” Qanun hazırlanıb.

Sonra çıxış edən Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələrdən danışdı.

İclasda iştirak edən 13 ölkənin nümayəndələrindən Almaniya, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan nümayəndələri, BMT-nin nümayəndəsi Robert Venee, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək mövzu barədə fikirlərini bildirdilər, belə dinləmələrin əhəmiyyətini qeyd etdilər.

Dinləmələrə yekun vuran Hadi Rəcəbli tədbirin keçirilməsinə verilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.






Son Xəbər