XƏBƏR, SOSİAL
2-10-2019, 11:24

Gürcüstandakı səfirliyimizdə bu ölkədə ali təhsil alan azərbaycanlı tələbələrlə görüş olub

Gürcüstandakı səfirliyimizdə bu ölkədə ali təhsil alan azərbaycanlı tələbələrlə görüş olub

Oktyabrın 1-də Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkənin ali məktəblərində təhsil alan həmvətənlərimizlə görüş keçirilib.

Qərbinfo.az xəbər verir ki, Azərbaycanın gürcüstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən görüşdə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, İlya Dövlət Universitetinin, Tbilisi Dövlət Tibb, Tbilisi Dövlət Texniki və Suxumi Dövlət universitetlərinin 50-dən çox tələbəsi iştirak edib.

Görüşdə yerli azərbaycanlı gənclərlə yanaşı, Azərbaycan vətəndaşı olan tələbələr də olublar.

Səfir Dursun Həsənov çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında qədim dostluq əlaqələrindən danışıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Elm, təhsil, mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafında tələbə gənclərin rolunu xüsusi vurğulayıb.

Diplomat deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, Gürcüstanın da sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Dursun Həsənov bildirib ki, bu gün Gürcüstanın ali məktəblərində minlərlə azərbaycanlı təhsil alır və onların sayı hər il artır. Azərbaycan dövləti onların da qayğı və problemləri ilə maraqlanır. SOCAR şirkəti Gürcüstanda təhsil alan soydaşlarımızın təhsil haqlarını ödəyir. Bu da Azərbaycan dövlətinin göstərdiyi qayğının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Marneuli rayon Candar kənd ictimai məktəbinin müəllimi Nazilə Kərimova, Suxumi Dövlət Universitetinin tələbəsi Ramil Qəhrəmanov, Tbilisi Dövlət Tibb Universitetinin tələbəsi Fidan İsmayılova və başqaları görüşün təşkilinə görə səfir Dursun Həsənova təşəkkür ediblər.

Söhbət zamanı, azərbaycanlı tələbələrin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində təcrübə keçməsi ilə bağlı proqram hazırlanması, Gürcüstanda yaşayan azərbaycanlı tələbələrlə yanaşı, Azərbaycan vətəndaşları olan və təhsildə xüsusilə fərqlənən tələbələrə də təqaüdlər verilməsi, onların işlə təminatı və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Dursun Həsənov səslənən təkliflərin diqqətdə saxlanılacağını və onların həllinə çalışılacağını, eyni zamanda, gənclərlə görüşlərin davam etdiriləcəyini deyib.






Son Xəbər