XƏBƏR, SİYASƏT
1-10-2019, 12:28

Xocavəndin işğalından 27 il ötür

Xocavəndin işğalından 27 il ötür
Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. Bu tarixdən 27 il ötür. İşğal nəticəsində, rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran qalıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti və 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb. İşğal nəticəsində, vurulmuş maddi-mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq, məhv edilib.Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən, erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.Ərazisi alçaq dağlıq və şərqdə maili düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Əsasən, Yura, Təbaşir, Antropogen çöküntülərindən ibarətdir. Mərmər yatağı var. İqlimi çox yerdə yayı quraq keçən mülayim istidir. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 metr olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi, Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində Qədim "Alban" qəbirstanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" gümbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları Oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi, bütövlükdə, ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

Xocavənd rayonu, əsasən, kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilikdir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.Yurd-yuvasından didərgin düşən xocavəndlilər, əsasən, Beyləqan rayonunda məskunlaşıblar. Burada dövlət qayğısı ilə Xocavənddən olan məcburi köçkünlər üçün 500 ailəlik müasir qəsəbə salınıb. Bu qəsəbədə rayonun icra hakimiyyəti, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, xəstəxana və mədəniyyət evi fəaliyyət göstərir.
Bu gün xocavəndlilər isti ocaqlarından, yaşadıqları el-obadan uzaqda yaşayırlar. Zaman yetişəcək ki, xocəvəndlilər də həsrətində yaşadıqları məkana dönəcəklər. Müasir dövrümüzdə dünya standarlarına cavab verən Azərbaycanın Milli Ordusu regionun ən güclü ordusu səviyyəsinə yüksəlib. Torpaqlarının 20 faizi işğalda olan Azərbaycanda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadiq qalaraq, ordunun gücləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirir. Ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Azərbaycan Ordusu müharibəyə də, mübarizəyə də hazır, güclü və cəsarətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazır və qadirdir. Dövlət başçısının "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır" fikrini ifadə etməsi, ordumuzun gücünün göstəricisidir. Son dövr olayları Azərbaycan Ordusunun işğalçı Ermənistana nəyə qadir olduğunu, gücünü, ordu potensilanı bir daha nümayiş etdirməsi, ölkənin hərbi qüdrətini yenidən göstərmiş oldu. Azərbaycan Ordusunun 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad etməsi, ordumuzun növbəti uğuru oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla, üç gün davam edən əməliyyatlar nəticəsində, 11 min hektar ərazini ermənilərdən azad etdi. 2016-cı ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, daha sonra əsgərlərimiz 11 min hektar ərazini işğaldan azad etdi. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır.
Əminliklə vurğulamaq olar ki, tezliklə işğal altında olan torpaqlarımız erməni təcavüzkarlarının işğalından azad olunacaq. İşğal altındakı digər torpaqlarımız da Cocuq Mərcanlı kimi öz sakinlərinə qaytarılacaq. Təkcə qaçqın və məcburi köçkünlər deyil, bütün Azərbaycan xalqı ölkə başçısının səyi və ordumuzun qüdrəti sayəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə inanır. İnsanlar doğma yurdlarına qayıdacaqlarının sevincini yaşayacaqlar.
Bu gün xocavəndlilər də öz doğma yurdlarına, ev-eşiklərinə qayıdacaqları günə inanır və həmin günü səbirsizliklə gözləyirlər.






Son Xəbər