XƏBƏR, MƏDƏNİYYƏT
30-09-2019, 21:44

Azərbaycan və qərb memarlığı: fərqli cəhətlər - Ekspert rəyi

Azərbaycan və qərb memarlığı: fərqli cəhətlər - Ekspert rəyi

Son illər paytaxtda, eləcə də regionlarda qədim və müasir Azərbaycan memarlığının inciləri ilə yanaşı, dünya memarlıq abidələrinin gözəl nümunələrinə də rast gəlinir. Bəs Azərbaycan memarlığını Qərb memarlığından fərqləndirən cəhətlər hansılardır?

Qərbinfo.az
-ın məlumatına görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyev qeyd edib ki, ölkəmizin Avropa ilə Asiya mədəniyyətlərinin qovşağında yerləşir. Buna gərə də, Azərbaycan memarlığı dünya memarlığının ən mükəmməl ənənələri ilə milli xüsusiyyətləri özündə birləşdirən özünəməxsus güclü memarlıq məktəbinə malikdir: “Heç də təsadüfi deyil ki, Bakı həm də tarixi və mədəni memarlıq abidələri ilə məşhurdur. Atəşgah, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digərləri məhz belə abidələr sırasındadır.

Azərbaycan memarlığının çox zəngin tarixi ənənələri olduğunu söyləyən T.Əliyev bildirib ki, Azərbaycan memarlıq inciləri xalqımızın mənəvi zənginliyini əks etdirməklə yanaşı, eyni zamanda, dünya mədəniyyəti tarixinin parlaq səhifələridirlər. Azərbaycan memarlığı həm də multikultural və tolerant dəyərlərə malikdir: “Bakı özünün memarlığı, əzəmətli tikililəri ilə diqqət mərkəzindədir. Paytaxtın memarlığı, inşa edilən binalar, həmin binaların müxtəlif memarlıq məktəbinin üslubunda tikilməsi indi çoxlarında maraq doğurur”.

Memar, həmçinin deyib: “Müasir Bakıda inşa edilən bir çox tikililər Qərb memarlığı üslubunda salınıb. Belə ki, şərq-qərb mədəniyyətinin sintezi Bakıda özünü göstərir. Burada həm şərq memarlığı, həm də qərb memarlığı geniş əksini tapıb. Şəhərdə qotik, neoklassik, neomodern, barokko, renessans, romantik, neoqotik, hay-tek, postmodernizm, dekonstruktivizm kimi müxtəlif memarlıq üslublu binalara rast gəlinir. Son zamanlar memarlarımız modern və xaricdə populyar olan modellərə daha çox üstünlük verirlər”.

Onun sözlərinə görə, qərbdə əsasən modern memarlığı - memarlıq üslubu geniş yayılıb. Bu memarlıq üslubu manera formaları, nəzərə çarpdırılan assimetriya ilə, stilizatorluqla xarakterizə olunur. Yeni konstruksiya və materiallardan istifadə edən, adi kompozisiya sxemlərindən azad olan modern “yeni memarlıq” yolunda mühüm mərhələdir. Modern üslubunun fərqləndirici xüsusiyyətləri: təbiilik qazanmaq üçün düz cizgilər və künclərdən imtina, yeni texnologiyalara maraqdır. Yeni materiallar, əsasən metal və şüşədən istifadə edilir.

Həmsöhbətimiz vurğulayıb ki, qərb memarlığında betonun, metalın, şüşənin geniş tədbiqi, yeni inşaat materiallarının konstruktiv xüsusiyyətlərinin istifadəsinə əsaslanan yeni memarlıq formalarının hazırlanması tendensiyası müşahidə olunur: “Yaxşı olardı ki, Azərbaycan memarlığında milli ruh daim özünü göstərsin. Təbii ki, mən təkcə günbəz, tağ və ya hansısa ornament və elementləri nəzərdə tutmuram. Burada bədii-memarlıq obrazı, plan həlli, daha rahat və əlverişli məkan yaradan, milli memarlıq elementlərindən, yerli inşaat materiallarından geniş istifadə edən, cənub iqlim xüsusiyyətlərini nəzərə alan düzgün planlaşdırılmadan da söhbət gedir. Fikrimcə, yeni binaları layihələndirib inşa edərkən mövcud memarlıqla harmoniya nəzərə alınmalı, Qərb memarlığının milli ənənənələrlə uyğunlaşması təmin edilməlidir. Nisbət və miqyaslılıq, klassik və milli irsin sintezi, milli sütunlardan, karnizlərdən və pəncərə kənarlıqlarından istifadə, memarlıq ünsürlərinin özünəməxsus uyğunlaşması, kompozisiyanı təşkil edən bölgü sistemində avanqard və klassik üslubların birləşdirilməsi – bütün bunlar Azərbaycan memarlığına xas olan xüsusiyyətlərdir”.

Azərbaycan və qərb memarlığı: fərqli cəhətlər - Ekspert rəyi
Azərbaycan və qərb memarlığı: fərqli cəhətlər - Ekspert rəyi






Son Xəbər