XƏBƏR, İQTİSADİYYAT
30-09-2019, 17:30

Azərbaycan dünyanın ən çox islahat aparan ölkələrindəndir

Azərbaycan dünyanın ən çox islahat aparan ölkələrindəndirÖlkəmizin Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi aparılan uğurlu siyasətin nəticəsidir.

Azərbaycanın dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasında yer alması ölkəmizin davamlı inkişafının təmin olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasətin, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsidir. Dövlət başçısı tərəfindən imzalanan dövlət proqramlarının, sərəncamların uğurla icrası olaraq, Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran, innovativ inkişafa yol açan dövlətə çevrilir. Bütün bunlar dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi elan olunması da uğurlarımızın göstəricisi idi. Hesabata əsasən, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq, səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin etmişdir. Hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabata əsasən, ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək, ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, "Kiçik investorların maraqlarının qorunması" indikatoru üzrə dünyada 2-ci yerə yüksəlib, "Biznesə başlama" (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşüb. Bütövlükdə, "Doing Business 2019" hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.

APARILAN İSLAHATLAR CƏMİYYƏTİN BÜTÜN TƏBƏQƏLƏRİNİN MƏNAFELƏRİNİ ƏKS ETDİRİR

Bu günlərdə isə, Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir. Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də, mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində, daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda, tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər. Bütövlükdə, hesabat göstərir ki, xüsusən, elektron xidmətlərin daha çox istifadə olunması vətəndaşların, eləcə də, biznesin dövlət xidmətlərinin elektron olaraq əlçatarlığın təmin edilməsi Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə birbaşa təsir göstərib.
Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Ölkəmiz 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gələrək, qazandığı biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlara yol açan əsas amil isə möhkəm təmələ əsaslanan siyasətdir.






Son Xəbər