XƏBƏR, SOSİAL
30-09-2019, 16:29

Azərbaycan aliminin yeni uğuru

Azərbaycan aliminin yeni uğuru

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov yeni uğura imza atıb.
ADU-dan Qərbinfo.az-a bildirilib ki, həmyerlimiz Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib. O, bundan əvvəl isə ABŞ-ın Nyu-York Elmlər Akademiyasının, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki və Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü seçilib.

Ə.Zeynalov beynəlxalq miqyasda nüfuz qazanmış alimlərdəndir. O, beynəlxalq elmi konfrans və qurultaylarda respublikamızı layiqincə təmsil edib, xarici ölkələrdə məqalə və monoqrafiyaları işıq üzü görüb. Dünya şöhrətli alimlər Boris Starkov, Rudolf İvanov (Rusiya), Jan Lui Bake Qrammon, Arno Laster (Fransa), Eldar Vəliyev (Ukrayna), habelə Nəzmi Ağıl (Türkiyə) və Samir Kazımoğlu alimin yaradıcılığına yüksək qiymət veriblər. Bir sıra xarici ölkələrdə bu zəhmətkeş tədqiqatçının yaradıcılığı haqqında məqalələr dərc olunub, onun əsərlərinə istinad edilib.






Son Xəbər