XƏBƏR, SİYASƏT
30-09-2019, 14:45

Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib

Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Serjan Abdukərimovun Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

Qərbinfo.az Qazaxıstan Respublikasının Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Serjan Oralbayeviç Abdukərimov 1976-cı il mayın 11-də Karaqandada anadan olub. 1998-ci ildə Abay adına Almatı Dövlət Universitetini (beynəlxalq münasibətlər ixtisası üzrə), 2002-ci ildə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını (iqtisadçı ixtisası üzrə) bitirib.

Diplomatik karyerasına 1998-ci ildə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Üçüncü Departamentinin Avropa və Amerika İdarəsində referent kimi başlayıb. Sonra Beynəlxalq İqtisadi Əməkdaşlıq Departamentinin attaşesi vəzifəsində çalışıb.

1999-cu ildə Koreya Respublikasında Qazaxıstanın səfirliyində attaşe vəzifəsində işə göndərilib. 2002-2005-ci illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Təşkilatlar İdarəsinin ikinci katibi, Qazaxıstanın Avstriyadakı səfirliyinin ikinci katibi, Qazaxıstanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi vəzifələrində işləyib.

2005-ci ildə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya-Analitik İş və Proqnoz Qiymətləndirmələri Departamentinin direktoru, daha sonra Avropa və Amerika Departamentinin direktoru təyin edilib.

2008-2009-cu illərdə Qazaxıstan Respublikasının Bolqarıstanda işlər müvəkkili olub. 2009-2015-ci illərdə Mərkəzi Aparatda bir sıra rəhbər vəzifələr tutub: ATƏT departamentinin xüsusi tapşırıqlar üzrə səfiri - direktoru, Ümumavropa Əməkdaşlıq Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri - direktoru, Xarici Siyasi Analiz və Proqnozlaşdırma Departamentinin direktoru olub. 2015-ci ildən Qazaxıstanın Azərbaycanda səfiri təyin edilənə qədər Qazaxıstanın Çexiyada və eyni zamanda Slovakiyada səfiri olub. II dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var. İngilis, fransız, Koreya və İndoneziya dillərini bilir.

Ailəlidir, 4 övladı var.






Son Xəbər