XƏBƏR, SİYASƏT
28-09-2019, 15:51

Elmar Məmmədyarov: Azərbaycan Qrup 77 təşkilatına töhfə verməyə hazırdır

Elmar Məmmədyarov: Azərbaycan Qrup 77 təşkilatına töhfə verməyə hazırdır

Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qrup 77 (G-77) təşkilatının 43-cü illik iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildirilib ki, iclasda Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub.

Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən G77, iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir. BMT çərçivəsində fəaliyyət göstərən bu təşkilat inkişaf etməkdə olan ölkələrin mövqeyini, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və bu istiqamətdə BMT-nin bütün qərargahlarında birgə mövqedən çıxış etmək məqsədi güdür.

G77 qrupun iclasında çıxışı zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın bu təşkilata fəal töhfə verməyə hazır olduğunu və Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib.






Son Xəbər