XƏBƏR, MARAQLI
19-09-2019, 13:09

Bakı şəhəri “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 47-ci ən təhlükəsiz şəhəridir

Bakı şəhəri “Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 47-ci ən təhlükəsiz şəhəridir

“The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” dərgisinin birgə hazırladığı hesabatda belə deyilir.

Qərbinfo.az-ın məlumatına görə, hesabatda Bakı şəhəri 56,4 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşıb. Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla 4 göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib.

Dünyada urbanizasiyanın səviyyəsi get-gedə yüksəlməkdədir. Araşdırmalara görə hazırda 56% təşkil edən urbanizasiyanın 2050-ci ilə qədər 68%-ə çatacağı gözlənilir. Şəhərləşmənin bu cür sürətli artımı özü ilə birgə iqtisadi və sosial risklər doğurur. Belə artımın qarşısının alınması və statistik göstəricilərin planlaşdırılmış səviyyədə dəyişməsi ölkələrin prioritet məsələlərindəndir. Respublikamızda aparılan islahatlar, müəyyən edilmiş yol xəritələrində də bu proseslərin nəzarət altında saxlanıldığını müşahidə edə bilərik. Azərbaycanda urbanizasiyanın səviyyəsi 53% təşkil edir. 2019-cu ilin yanvar ayının statistikasına əsasən Bakı şəhərinin əhalisinin sayı 2 milyon 277 min nəfər təşkil edir.

BMT-nin hesablamalarına görə, dünyada əhalisi 150 min nəfərdən çox olan 4416 şəhər var. Bunlardan yalnız 60 şəhər “Təhlükəsiz Şəhərlər İndeksi 2019”da (Safe Cities Index) qiymətləndirilib. Postsovet məkanından yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə qalxıb. Bu da Bakının bir şəhər kimi dünyanın mühüm siyasi, iqtisadi, mədəni, tarixi və idman mərkəzlərindən biri olduğunu göstərir.

“Təhlükəsiz Şəhərlər İndeksi 2019” reytinqində Bakı şəhəri şəxsi təhlükəsizlik indikatoru üzrə 63,7 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşıb. Bakı şəhərində yerli əhalinin və ölkəyə gələn turistlərin şəxsi təhlükəsizliyi ölkənin daxili işlər orqanları tərəfindən yüksək səviyyədə təmin olunur. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların odlu silahın əldə edilməsinə qanunla ciddi nəzarət olunur. Bu səbəbdən də, Bakıda odlu silahlarla törədilən cinayətlər Avropanın digər şəhərlərindən qat-qat aşağı səviyyədədir.

Ölkəmizdə gender bərabərliyinin tamamilə təmin olunduğu dövlət o cümlədən özəl müəssisələrdə, ölkə idarəetməsində fəaliyyət göstərən xanımların saylarının kifayət qədər yüksək olması açıq-aşkar dünyanın bir çox ölkələrinə nümunə ola biləcək göstəricidir.

Son illərdə Bakı şəhərində keçirilən Baku-2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqası, Baku-2019 Avropa Gənclər Olimpik Festivalı kimi beynəlxalq əhəmiyyətli idman yarışlarında təhlükəsizlik tam təmin olunub. Bakıda son bir neçə ildə heç bir terror aktının olmaması, yerli sakinlərin, o cümlədən şəhərimizdə səfərdə olan xarici vətəndaşların şəxsi təhlükəsizliyinə mane ola biləcək hər hansı təhlükənin olmaması Daxili İşlər orqanlarımızın fəaliyyətinin yüksək göstəricisidir.






Son Xəbər