XƏBƏR, SOSİAL
17-09-2019, 17:53

“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib

“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib


Sentyabrın 17-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə cəmiyyətdə yaxşılığın, xeyriyyəçilik işlərinin yaşadılması və təşviqi məqsədilə elan edilmiş “Yaxşılıq unudulmur” adlı layihənin yekununa həsr edilmiş konfrans keçirilib.

Qərbinfo.az xəbər verir ki, əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Xeyriyyəçilik ənənələrimiz” adlı videoçarx nümayiş olunub.

Tədbiri açan Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan xalqı hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri ilə seçilib. Yaxşılıq bu keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir. Keçmişdə olduğu kimi, bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır. M.İsmayılov “Yaxşılıq unudulmur” layihəsinin keçirilməsinin məqsədi barədə danışarkən vurğulayıb ki, layihənin əsas məqsədi yardımlaşma və xeyriyyəçilik ənənələrinin gənclər arasında geniş təbliği, bu dəyərləri yaşadan insanların tanıdılmasıdır. Yaxşılıq əməlləri ilə seçilən insanları bir araya toplamaq, eyni zamanda, belə addımların arealının genişləndirilməsi üçün Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən bu qəbildən olan layihələr növbəti illərdə də həyata keçiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, “Yaxşılıq unudulmur” layihəsi yeniliyi və mahiyyəti ilə bir çox layihələrdən seçilir. Layihənin şərtlərinə görə, insanlar şahidi olduqları və ya onlara edilən yaxşılıqları, həmçinin bu yaxşılığın müəllifini Mənəvi Dəyərlərin Təbliği Fonduna bildirməklə xeyirsevər insanların tanıdılmasında iştirak edirlər. Nəticədə həm xeyirxah insanlar, həm də onların gördükləri yaxşı işlər cəmiyyətdə təbliğ olunur. R.Həsənov belə bir layihədə komissiya üzvü kimi iştirak etməkdən məmnunluğunu ifadə edib, dəvətə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edib və layihənin işinə uğurlar arzulayıb.

Tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova vurğulayıb ki, xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir.

Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinin İctimai fənlər kafedrasının müdiri Elvin Talışinski bildirib ki, dinimiz insanlara həmişə bir-birinə qarşı diqqət və sayğı ilə davranmağı, bir kəsin çətinliklərini həll etmək üçün bütün cəmiyyətin səfərbər olmasını, insanlararası münasibətlərdə xeyirxahlıq, dözümlülük və məhəbbət kimi ülvi hisslərin təbliğ və təşviq edilməsini tövsiyə edir.

Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan olunmuş “Yaxşılıq unudulmur” layihəsi çərçivəsində mükafatlandırılma olub.






Son Xəbər