XƏBƏR, MARAQLI
13-09-2019, 18:57

Məhəmməd Babanlı: İlk dəfə olaraq maqnit xassəli topoloji izolyator materialları sintez edilib

Məhəmməd Babanlı: İlk dəfə olaraq maqnit xassəli topoloji izolyator materialları sintez edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək “Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar" beynəlxalq elmi laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada yeni nəsil innovatov funksional materiallar olan topoloji izolyatorların sintezi və xarakterizə edilməsi sahəsində geniş tədqiqatlar aparılır.

Bunu Qərbinfo.az-a açıqlamasında institutun direktor müavini, “Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar” beynəlxalq elmi laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı deyib.

O bildirib ki, bu tədqiqatlar AMEA-nın Fizika İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və bir çox ölkələrin (İspaniya, Almaniya, İtaliya, Fransa, Russiya, Yaponiya və s.) qabaqcıl elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri ilə sıx kollaborasiya şəraitində həyata keçirilir. Son illərdə laboratoriyada bir sıra mühüm elmi nəticələr alınıb və dünyanın ən nüfuzlu beynəlxalq elmi jurnallarında, o cümlədən “Nature Communications” (Böyük Britaniya), “ACS Nano”, “Nano Letters”, “Physical Review Letters” (ABŞ) və digər nəşrlərində 20-dən artıq birgə məqalələr çap etdirilib. Bu elmi nəticələr gələcəyin elektronikası olan spintronikanın yaradılmasında mühüm rol oynayacaq. Bundan əlavə, topoloji izolyatorların tibdə və təhlükəsizlik sistemlərində sağlamlıq üçün zərərsiz və daha həssas skanedici detektorlar kimi tətbiq olunacağı gözlənilir.

“AMEA-nın Rəyasat Heyətinin qərarı ilə laboratoriya 2019-cu ildən yeni beynəlxalq proqram üzərində işləyir. Artıq ilk nailiyyətlər əldə edilib. Dunya praktikasında ilk dəfə olaraq maqnit xassəli topoloji izolyator materialları sintez edilib. Bu son nəticələr artıq dünya alimlərinin diqqətini cəlb edib və onlara xeyli sayda istinadlar olunub”, - deyə alim əlavə edib.






Son Xəbər