XƏBƏR, SİYASƏT
13-09-2019, 15:54

Azərbaycan BMT-yə çağırış etdi

Azərbaycan BMT-yə çağırış etdi

Beynəlxalq birlik tərəfindən xəbərdarlıq və qınaqlara, habelə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması üçün səylərin davam etməsinə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərini müstəmləkələrə çevirməyə və ilhaq etməyə yönəlmiş qərəzli hərəkətlər səngimir. Məsələn, işğal edilmiş ərazilərə gəlmə sakinlər yerləşdirilir, həmin ərazilərdəki tarixi və mədəni irs məhv edilir və ya mənimsənilir, istismar və talan edilir, aktivlər, təbii resurslar və digər sərvətlər qanunsuz ticarət obyektlərinə çevrilir.

Qərbinfo.az xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikirləri sentyabrın 12-də BMT Təhlükəsizlik Şurasının illik məruzəsinə (A/73/2) baxılmasına həsr edilmiş Baş Assambleyanın plenar iclasındakı çıxışında söyləyib.

Yaşar Əliyev öz çıxışında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 24-cü maddəsinin tələblərinə əsasən, Təhlükəsizlik Şurasının illik məruzələrinin Baş Assambleyada müzakirəsi BMT üzvü olan dövlətlərdən ötrü Şuranın işi barədə fikir mübadiləsi aparmaq və xüsusi diqqət tələb edən problemli sahələri üzə çıxarmaq üçün mühüm platformadır. Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirərkən BMT-nin üzvü olan bütün dövlətlərin adından hərəkət edir. Buna görə də BMT-nin daha geniş auditoriyaya eşidilmək imkanları verilməlidir. Y.Əliyev bəyan edib ki, Azərbaycan bu baxımdan bəzi hadisələri müsbət qiymətləndirir, Təhlükəsizlik Şurasının transparentlik səviyyəsinin, üzv dövlətlərin daha geniş auditoriyası ilə onun qarşılıqlı fəaliyyəti üçün səylərin artırılacağına ümid edir.

Azərbaycanlı diplomat bildirib ki, dünya birliyinin sülhə və təhlükəsizliyə təhdidlərlə üzləşdiyi indiki vaxtda beynəlxalq hüquq qaydalarının möhkəmləndirilməsi və bütün səviyyələrdə səylərin ikiqat artırılması tələb olunur. Bunun üçün beynəlxalq hüququn hamılıqla qəbul edilmiş, dövlətlərarası münasibətləri tənzimləyən norma və prinsiplərinə ciddi riayət edilməlidir. Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəli olması üçün ilk növbədə onun qərarlarının yerinə yetirilməsi tələb olunur. Bu baxımdan, üzv dövlətlərin öhdəlikləri BMT Nizamnaməsinin 25-ci maddəsində dəqiq şərh edilib. Y.Əliyev vurğulayıb ki, Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq suveren dövlətlərə qarşı qanunsuz güc tətbiq etmək və bununla əlaqədar ərazilər əldə olunması halları davam edir. Lakin bu heç də o demək deyildir ki, belə vəziyyət Şuranın fəaliyyətində məqbul praktika sayıla bilər.
Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbərinin dediyi kimi, bununla əlaqədar xatırlatmaq yerinə düşər ki, ümumi beynəlxalq hüququn imperativ normaları üzrə öhdəliklərin ciddi pozulmaları əlavə nəticələr doğurur. Buraya, o cümlədən, ciddi pozuntu nəticəsində yaranmış vəziyyətə son qoyulması məqsədilə bu vəziyyətin qanuni hesab edilməməsi, onun davam etməsinə kömək və ya yardım göstərilməməsi yolu ilə dövlətlərin əməkdaşlıq etmək vəzifələri daxildir. Buna görə də beynəlxalq birlik təkidlə tələb etməlidir ki, Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 nömrəli qətnamələri yerinə yetirilsin və Ermənistan öz beynəlxalq öhdəliklərinə ciddi riayət etsin.

Mandatı Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan, davam etməkdə olan sülh prosesinin əsas məqsədi işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasını, məcburi köçkünlərin və onların əmlakının qaytarılmasını təmin etməkdən ibarətdir.

Y.Əliyev çıxışının sonunda bildirib ki, bu hədəfə çatmaq zəruri, lakin kompromissiz qərardır. Bu, eyni dərəcədə labüd və aktualdır, çünki qanunsuz güc tətbiq edilməsi və bununla əlaqədar hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.






Son Xəbər