XƏBƏR, İQTİSADİYYAT
11-09-2019, 17:13

Bal yarmarkalarında tətbiq ediləcək yeni üsul

Bal yarmarkalarında tətbiq ediləcək yeni üsul

Paytaxt sakinləri yarmarkaya gəlmədən istədiyi məhsulu onlayn sifariş edə biləcəklər

Sentyabrın 28 –dən oktyabrın 18-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Nərimanov rayonunun Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə sentyabrın 11-də arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkasına həsr edilən mətbuat konfransında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

L.Məmmədova bildirib ki, qeydiyyat müddəti sentyabrın 6-dan 11-dək olacaq. Sentyabrın 12-də isə qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Satış yarmarkasında iştirakın təsdiqlənməsi üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kiloqram bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla, maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Onun sözlərinə görə, bal nümunələrinin qəbulu sentyabrın 13-24-də “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

L.Məmmədova bildirib ki, yarmarkada bu il ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər. Vətəndaşlardan yarmarkada üzərində ştrix-kod olmayan qablaşmada satılan məhsulları almamağı və belə bir halla rastlaşdıqları təqdirdə məsul şəxslərə yerindəcə məlumat verilmələrini xahiş edirik: “Yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramların və konsertlərin keçirilməsi planlaşdırılır. Həmçinin yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq”.

Bal yarmarkasında tətbiq edilən daha bir yenilik isə ondan ibarətdir ki, yarmarkaya gəlmək imkanı olmayan paytaxt sakinləri üçün yarmarka günlərində onlayn sifariş xidməti də təşkil olunacaq. Belə ki, vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq istədikləri məhsulu onlayn şəkildə sifariş verə, ödənişi isə öz ünvanlarında həyata keçirə biləcəklər. Sifariş olunan məhsulların metronun “Nəriman Nərimanov” və “Gənclik” stansiyaları yaxınlığındakı ünvanlara çatdırılması ödənişsiz, digər ərazilərə çatdırılması isə 5 manat xidmət haqqı müqabilində həyata keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev qeyd edib ki, bal və bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət və təhlükəsizliyinin yoxlanılması üçün AQTA-nın tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən nümunələr götürüləcək və institutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Analizin nəticələri keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olmayan bal məhsullarının satışına icazə verilməyəcək və məhsullar “Aqrar Tədarük və Təchizat” ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq.






Son Xəbər