XƏBƏR, SİYASƏT
9-09-2019, 17:09

Ermənistan artıq Kremlə gərəksizdir?

Ermənistan artıq Kremlə gərəksizdir?

Stanislav Tarasov: “Çox ziddiyyətli bəyanatlar var, biz anlaya bilmirik ki, Paşinyan konkret olaraq nə istəyir”

Ermənistanın baş naziri Nikol Paşinyanın ultra milləti “Sasna Srer” partiyasının sədri Jirayr Sefilyanla görüşü ölkədəki politoloqlarla yanaşı, Rusiyanın siyasi analitikləri tərəfindən də sərt tənqid olunub. Belə ki, erməni siyasi şərhçilərinin əksəriyyəti terror üzərində qurulmuş hərəkatın siyasi partiyaya çevrilməsini, sonradan isə hakimiyyətə yaxın siyasi təşkilat olaraq fəaliyyət göstərməsini müxtəlif aspektlərdən tənqid atəşinə tuturlar.

Bu baxımdan, Paşinyanın sözügedən görüşdəki ifadə və bəyanatları Rusiya tərəfindən də izlənilib və onun barəsində sərt fikirlər səslənməyə başlayıb.

Qərbinfo.az xəbər verir ki, bu görüş və görüşdə səslənən fikirlərlə bağlı ermənilərin ter.am saytı rusiyalı ermənipərəst politoloq Stanislav Tarasovdan müsahibə alıb və o da öz növbəsində Serj Sarkisyan hakimiyyətini tərif edərək, Paşinyanın siyasi idarəçiliyini hədəfə alıb.

“Nikol Paşinyan bir-birinə zidd bəyanatlar verir və biz heç cür anlaya bilmirik ki, Paşinyan konkret olaraq nə istəyir və nəyi nəzərdə tutur” deyə qeyd edən rusiyalı syasi analitik həmçinin onu da bildirib ki, Jirayr Sefilyanın Moskvanın Paşinyandan qısa zamanda qurtulmaq qərarını verməsi barədə fikirləri dezinformasiya olsa da belə, Rusiya hakimiyyəti Ermənistanın mövcud hakimiyyətinin mühüm məsələlərdə hansı mövqedə olmasını da anlamır.

Digər tərəfdən, Moskvanın hazırda Paşinyana necə münasibət göstərməsi məsələsinə də toxunan Tarasov qeyd edib ki, Kreml belə məsələlərdə həssasdır: “Moskva obyektivdir və Paşinyanın nə dediyini diqqətlə oxuyur, çox ziddiyyətli bəyanatlar var, biz anlaya bilmirik ki, o konkret olaraq nəyi nəzərdə tutur. Deyək ki, Qarabağla bağlı bəyanatları hətta mənə də aydın deyil. O, gah bəyan edir ki, Qarabağ tərəfi danışıqlarda iştirak etməlidir, gah da deyir ki, Qarabağ və Ermənistan vahiddir, yaxud “Artsax” Ermənistandır. Əgər nəyisə etmək istəyirsənsə et, əgər danışıqlar formatını dəyişdirmək istəyirsənsə, onda onu dəyişməyə cəhd göstər, mövcud formatdan imtina et, konkret gediş elə... Yox, əgər dəyişmək istəmirsənsə, onda belə danışmağa nə gərək var? Danışıqlar köhnə ssenari üzrə gedir, necə ki, əvvəli hakimiyyət də bu ssenari üzrə fəaliyyət göstərirdi, heç nə dəyişilməyib”.

“Nə zaman Paşinyan desə ki, o ümumiyyətlə nə istəyir, bax onda biz həmin məsələni qiymətləndirib, xoşumuza gəlib-gəlmədiyini deyə bilərik”

Qarabağdan başqa Moskvanın Paşinyanla bağlı digər anlaşılmaz məqamlarının olub-olmamasına da toxunan rusiyalı politoloq qeyd edib ki, Ermənistanın xarici siyasəti daha çox əyalət idarəetməsinə bənzəyir. “Paşinyanın analitikləri regionda baş verənlərlə bağlı zamanla ayaqlaşmağı, proseslərə münasibət bildirməyi bacarmırlar”, deyə qeyd edən Stanislav Tarasov onu da bildirib ki, kürd və abxaz məsələlərində qiymətlənedirmələr etmək lazımdır: “Lakin bütün bunların müqabilində o bəyan edir ki, dünya erməniçiliyinin lideri olmaq istəyir... Yenə də bəyanatda ziddiyyətlər var ki, burada konkret istənilən nədir. Nə zaman Paşinyan desə ki, o ümumiyyətlə nə istəyir, bax onda biz həmin məsələni qiymətləndirib, xoşumuza gəlib-gəlmədiyini deyə bilərik”.

“Mitinqlərdə çıxış etmək deyil, bilik qazanmaq, təhsil almaq, kitabxanalarda oturmaq lazımdır”

Ermənistanın regiondakı çağırışlara adekvat cavab verməməsi məsələsinə toxunan rusiyalı politoloq bildirib ki, bütövlükdə Paşinyanın müşavirlər aparatı zəifdir, analitik xidmət yoxdur: “Mənə elə gəlir ki, onlar haradasa kitabçalar oxuyublar və indi də oxuduqlarını həyata keçirməyə cəhd edirlər. Bəlkə də belə düşünmək olardı ki, onlar gənc insanlardırlar və müasir düşüncələrə malikdirlər, ancaq əslində onlar öz düşüncələri ilə Serj Sarkisyan komandasından geri qalırlar. Mitinqlərdə çıxış etmək deyil, bilik qazanmaq, təhsil almaq, kitabxanalarda oturmaq lazımdır”.

“Hətta rusiyalı turistlər tərəfindən sevilən “Ararat” (Ağrı dağı) dağı Ermənistanın ərazisində deyil”

Rusiyalı poltiloq Ermənistanın onun ölkəsindən asılı olduğuna eyham vuraraq onu da qeyd edib ki, Rusiya Sovet İttifaqı deyil, imperialist Rusiya indi yenidir, tamamilə başqadır, Ermənistanın siyasəti, iqtisadiyyatı Rusiya Federasiyası üçün hansı praktiki maraq kəsb edə bilər: “... Hətta rusiyalı turistlər tərəfindən sevilən “Ararat” (Ağrı dağı-red.) dağı Ermənistanın ərazisində deyil... Anlamaq lazımdır ki, Rusiya böyük dövlətdir, əgər Ermənistan hesab edirsə onun RF-na pretenziyaları var, onda özünə yeni partnyor seçsin. Ona kim mane olur ki? Mən yenə də anlamıram ki, nəyə görə Paşinyan konkrert olaraq bəyan etmir ki, nəyi istəyir və haraya doğru gedir. Qoy desin ki, bəli, o NATO və ABŞ-la əməkdaşlıq etmək niyyətindədir, Avropa ilə işləyir və s. Onda hər şey aydın olacaq. Lakin göründüyü kimi, o, qəti olaraq bir söz demir. Serj Sarkisyanın vaxtında dəqiq, müəyyən edilmiş mövqe var idi və bu da bizim xoşumuza gəlirdi”.

Qeyd edək ki, Stanislav Tarasov Kremlə yaxınlığı ilə seçilən və Rusiyanın dövlət rəhbərliyi ilə məsləhətləşmələr aparan politoloqlardandır. Serj Sarkisyanın hakimiyyəti zamanında onun anti-Azərbaycan ritorikalı şərhləri daha mox səslənirdi. Lakin hazırda onun mövqeyi Nikol Paşinyanı sərt şəkildə təhqid hədəfinə çevrilib. Daha dəqiq desək, Kremlin Paşinyana münasibətinin soyuq olması nəticə etibarı ilə Moskvanın anti-Ermənistan baxışlarına daha çox üstünlük verir.
Rövşən RƏSULOV






Son Xəbər