XƏBƏR, İQTİSADİYYAT
7-09-2019, 11:23

Nazir: “Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər

Nazir: “Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər

“Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər.

Bunu Qərbinfo.az-a müsahibəsində Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro deyib.

Azərbaycanın Avropanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına töhfəsindən danışan nazir Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyini vurğulayıb:

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün Şərq-Qərb tranzit dəhlizində vacib elementdir. Gələcəkdə bu dəmir yolu Çin və Mərkəzi Asiyadan Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Cənubi Avropaya yeni tranzit marşrutlarının inkişafına xidmət edəcək”.

Nazir bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı Latviya üçün vacib olsa da, ölkə Avropanın şimal hissəsinə qapı rolunu oynayır:

“Latviya “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Çinlə fəal əməkdaşlıq edir. Bu təşəbbüs, eləcə də Avrasiyada logistika zəncirinin digər marşrutları Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər. Biz hesab edirik ki, mövcud Şərq-Qərb marşrutları Qara dəniz və Latviya limanları arasındakı Şimal-Cənub marşrutları ilə bağlana bilər”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinə gəldikdə, R.Nemiro “Cənub Qaz Dəhlizi” layihəsini vurğulayıb:

“Cənub Qaz Dəhlizi” Avropanın Rusiya təbii qazından asılılığını azaltmağı nəzərdə tutduğu üçün Latviya bu layihəni Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə kimi qiymətləndirir. Latviya layihəni alqışlayır və Avropada bütün təbii qaz bazarı üçün faydalı hesab edir. Yeni təbii qaz mənbələri və marşrutları enerji bazarına və istehlakçılara xeyir gətirəcək. Avropa İttifaqının ambisiyalı iqlim hədəflərinə baxmayaraq, təbii qaz enerji bazarında vacib rol oynamaqda davam edəcək və biz gələcəkdə uğurlu əməkdaşlığa ümid edirik”.






Son Xəbər