XƏBƏR, MƏDƏNİYYƏT
30-08-2019, 11:29

Lüğətçilik sahəsinə yeni bir töhfə

Lüğətçilik sahəsinə yeni bir töhfə

Bu günlərdə pedaqoq-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Heydər Cəfərovun “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” kitabı işıq üzü görüb.

Heydər Cəfərov Azərbaycan pedaqoji təfəkkürü sahəsində yetərincə tanınmış mütəxəssisdir. Onun pedaqoji elmin müxtəlif məsələlərinə həsr etdiyi məqalə və materialları, dərs vəsaitləri və proqramları, təhsildə sağlam həyat tərzi, onların asudə vaxtının səmərəli təşkili və digər problemlərə aid tədqiqatları bir qayda olaraq fərdi baxış bucağı ilə seçilməsi ilə yanaşı, problemin daim ontoloji qatına enməklə digər mütəxəssislərin yanaşmasından seçilir.

Qərbinfo.az filologiya elmləri doktoru, professor Nizami Tağısoyun kitab haqqında qələmə aldığı “Pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi” yazısını təqdim edir.

Pedaqoji-psixoloji terminlər lüğəti bu sahədə çalışan mütəxəssislərin, müəllimlərin, tələbələrin tədris zamanı və tədqiqat apardıqları vaxtlarda istifadə edəcəkləri mühüm elmi-nəzəri-praktik vəsaitdir. Bu kitabın çoxsaylı terminlərin nəyi özündə ehtiva etməsində, tələbələrin və tədqiqatçıların yeni anlayışlarla tanış olmasında, yaxud yaddan çıxarılmış pedaqoji-psixoloji terminlərin yenidən yaddaşda bərpa edilməsində və s. rolu danılmazdır.

Heydər Cəfərovun ortaya qoyduğu pedaqoji-psixoloji terminlər lüğətində yer almış anlayışlar pedaqoji-psixoloji nəzəriyyə və praktikada daha çox ehtiyac duyulan anlayış və terminlərdir. Bu lüğətlə yaxından tanış olarkən müəyyənləşdirmək olur ki, müəllif müxtəlif pedaqoji-psixoloji məktəb və cərəyanlara münasibətdə neytrallıq nümayiş etdirməyə can atmaqla onlardan hər birinin fərqli izahının təsiri altına düşmür, eyni zamanda, müasir nəzəriyyə və praktikada olan anlayışların mühüm tendensiyasının izahını verməyə çalışır.

Məlum olduğu kimi, hər bir lüğət öz epoxasının məhsuludur. Hər hansı müəyyən dövrün leksik-terminoloji xüsusiyyətini əks etdirməklə lüğət, həm də dövrün fəlsəfəsini, ideologiyasını əks etdirir. Hər bir yeni epoxa mühüm ictimai, siyasi, iqtisadi, mədəni, kulturoloji dəyişiklikləri əks etdirməklə öz dövrünün lüğətini tələb edir. Çünki əvvəl yaradılıb ortaya qoyulmuş nümunələr dövrün leksik, terminoloji sisteminə, müasir vəziyyətinə uyğun gəlmir. XXI əsrin əvvəllərində, yəni bu günümüzdə ortaya çıxan Azərbaycan leksikoqrafiyası müxtəlif sferaları əhatə edən ən çeşidli və rəngarəng lüğət informasiyasının ortaya gəlməsini diktə edir. Müasir dövrdə siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, elmdə və təhsildə gedən dəyişikliklər dil situasiyası və terminologiyada da dəyişikliklərin baş verməsini dinamikləşdirir. Odur ki, lüğətlərin tərtib edilməsi son dərəcə əzablı və üzücü bir prosesdir. Lüğətçilik daim yenilənən bir sahə olduğundan, heç şübhəsiz ki, bir lüğət daxilində konkret sahədə baş verən yeniliklərlə bağlı informasiyanın toplanması da nə mümkün deyil, nə də onun bütün cəmiyyətin tələblərini ödəməsi real görünmür. Heydər Cəfərovun tərtib etdiyi lüğət sahə lüğətçilik terminologiyasını əhatə etsə də, bu lüğət məhz iki (Azərbaycan və rus) dildə tərtib edilməsi ilə əlamətdardır. İşin çətinliyi ondan ibarətdir ki, müəllif burada hər bir konkret halda hər bir söz, anlayış və terminlərin tərcüməsini verir, buna görə də lüğət struktur və forma baxımından da fərqli təsir bağışlayır. Azərbaycanca-rusca tərtib edilən bu lüğət rusdilli istifadəçilər üçün də kifayət qədər izahlar verir.

Kitabın həm də üstün cəhəti ondan ibarətdir ki, birinci, müəllif hər iki elm sahəsinin (pedaqogika və psixologiya) nəzəri, praktik və metodoloji problemlərini dərindən bilir, ikinci, o, Azərbaycan və rus dillərinin qrammatikasını kamil mənimsəmiş mütəxəssisdir, üçüncü, tərcümə sahəsində respublikamızda fəaliyyət göstərən ən səriştəli tərcümə praktiklərindən, mütərcimlərdəndir. Eyni zamanda, tərcümə nəzəriyyəsinin, praktikasının əsas meyar və ölçülərini hər iki dildən bir-birinə mükəmməl tərcümə etməyi bacaran nadir təfəkkür sahiblərindəndir.

Müasir dövrün inkişafı və qloballaşma şəraiti həm konkret dillərdə, həm də konkret elm sahələrində gedən çeşidli informasiya axını ilə əlamətdardır. Odur ki, həm konkret elm sahəsində, həm də beynəlxalq kommunikasiya şəraitində tərcümə olunan anlayış və terminoloji vahidlərin başqa dilə necə çevrilməsi sahəsində dərin biliklərə malik olmadan dar sahələrdə konkret ixtisas üzrə zəngin elmi biliklər olmadan lüğətçilik sahəsində də uğur qazanmaq inandırıcı görünmür.

Terminoloji ikidilli bu lüğət konkret pedaqoji-psixoloji terminologiyanın xüsusiyyətini özündə birləşdirir. Eyni zamanda, bu lüğətdə elə anlayış və ifadələr də vardır ki, onlar istər-istəməz etnologiya, etika, estetika, fəlsəfə, psixogenetika, valeologiya, struktural və posmodernist cərəyanlarla əlaqəli şəkildə lüğətdə yer alır. Heydər Cəfərovun tərtib etdiyi bu ikidilli terminoloji lüğət həm də özündə bir sıra vəzifələrin həllini nəzərdə tutur: a) lüğətə daxil edilən terminlərin əsas vəzifələri ortaya qoyulur, b) terminoloji lüğətin layihələndirilmə prinsipi müəllif tərəfindən düzgün müəyyənləşdirilir, c) lüğətdə yer almış terminoloji vahidlərin təşkil olunma xüsusiyyətləri nəzərə alınır. Eyni zamanda, burada ixtisas üzrə konkret terminin işlənmə tezliyi, pedaqoji-psixoloji sahədə bu terminologiyanın dəyəri, terminin hər bir (Azərbaycan və rus) dildə işlənmə zəruriliyi diqqət mərkəzində dayanır.

Terminoloji ikidilli lüğətlərin tərtibi zamanı sistemlilik, kommunikativ dəyər və komplektləşdirmə prinsiplərinin də gözlənilməsi vacibdir. Bu mühüm vəzifənin də öhdəsindən Heydər müəllimin layiqincə gəldiyini görə bilirik.

Kitab sübut edir ki, müasir tərcüməçilik fəaliyyəti nəinki lüğətlərdən və soraq kitablarından uğurla istifadə etməni, həm də onların layihələndirilməsi və aparılmasında müvəffəqiyyət qazanmağa şərait yaradır. Heydər müəllimin ikidilli pedaqoji-psixoloji terminlər lüğətində təqdim olunmuş sözyaradıcılığı yuvalarındakı semantik əlaqələrin araşdırılıb ortaya çıxarılmasında oradakı söz, ifadə, anlayış və terminlərin özünəməxsus prinsiplərinin izahını görməyə, törəmə sözlərin yuva daxilində necə oturulduğunu başa düşməyə imkan verir.

Terminoloji söz yaradıcılığı heç də kortəbii proses deyildir. Hər bir terminologiyada termin yaradıcılığı ilə bağlı müəyyən modellər mövcuddur. Odur ki, termin yaradıcılığını milli və beynəlxalq söz yaradıcılığı elementlərinin sintezi kimi nəzərdən keçirmək olar ki, burada onların özü terminoloji informasiyasının özünü aktiv təchiz edən element kimi dəyərləndirmək olar. Heydər Cəfərov bu terminlər lüğətinin tərtibində söz yaradıcılığının yuva şəklində istifadəsinə və kompleks adların yaranmasına xüsusi diqqət yetirmişdir.

Heydər Cəfərovun “Azərbaycan-rusca pedaqoji-psixoloji terminlər lüğəti” kitabında yer almış söz, anlayış və terminlərin linqvistik kompleksi müəllifin öz qarşısına qoyduğu əsas universal tələblərə cavab verməklə bu üslubdakı dəqiqliyi, mükəmməlliyi, mücərrədliyi, məntiqliliyi və obyektivliyi özündə əks etdirir. Müəllif seçdiyi leksik vahidlərə diqqət yetirməklə terminləri müəyyənləşdirir, tərcümə zamanı ana dilində olduğu kimi rus dilində də hər bir söz və anlayışın linqvistik xüsusiyyətlərini bütün tərəfləri ilə təqdim etməyə müvəffəq olur.

Beləliklə, Heydər Cəfərovun bu kitabı, hər şeydən əvvəl öz geniş tətbiqi xarakteri ilə seçilir. Bu lüğətin tətbiq və istifadə sferası son dərəcə genişdir. Belə ki, ondan təhsilin bütün pillələrində çalışan tərbiyəçilər, müəllimlər, pedaqoqlar, psixoloqlar, tələbələr və magistrlər, dissertantlar və doktorantlar, ali məktəb müəllimləri – professorlar, pedaqoji-psixoloji müəssisələrdə çalışanlar, ailələr, pedaqoji-psixoloji mərkəzlərdə məşğul olanlar, elmi tədqiqat işləri aparanlar və başqaları geniş istifadə edə bilərlər. Terminoloji lüğət sahəsində çalışanlar öz dili ilə yanaşı, tərcümə etdiyi dilin də sirlərinə dərindən bələd olmalıdırlar. Fikrimizcə, bu terminoloji lüğətin ən başlıca uğuru, ilk növbədə, onun müəllifinin hər iki dilin fonetik, leksik, frazeoloji, söz yaradıcılığı, morfoloji, qrammatik strukturuna bələd olması, sintaksisini və üslubiyyatını mükəmməl bilməsi ilə birbaşa bağlıdır. Odur ki, Heydər Cəfərovun ilk “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” Azərbaycan lüğətçiliyinin pedaqoji-psixoloji sahələrdə son illərdə qazandığı nəzərəçarpacaq uğurlardan biri kimi dəyərləndirilməlidir. Lüğətdə pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi ortaya qoyulmuşdur.






Son Xəbər