XƏBƏR, İDMAN
29-08-2019, 13:18

Məmmədəli Mehdiyev Tokioda keçirilən dünya çempionatında səkkizdəbir finala vəsiqə qazanıb

Məmmədəli Mehdiyev Tokioda keçirilən dünya çempionatında səkkizdəbir finala vəsiqə qazanıb

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Qərbinfo.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyevin ilk görüşü otuzikidəbir finala təsadüf edib. İyirmi altı yaşlı idmançı çexiyalı İrji Petrlə üz-üzə gəlib. Qarşılaşma Mehdiyevin qələbəsi ilə yekunlaşıb. Onun növbəti rəqibi mavrikiyalı Remi Fülle olub. Bu görüşdən də qalib ayrılan azərbaycanlı cüdoçu 1/8 finala yüksəlib. Mehdiyev bu mərhələdə "Minsk 2019" II Avropa Oyunlarının dörddəbir finalında uduzduğu türkiyəli Mikayıl Özerler ilə qarşılaşacaq.

Yetmiş kiloqram çəkidəki qadın cüdoçu Günel Həsənli isə mübarizəni erkən dayandırıb. O, otuzikidəbir finalda avstraliyalı Aoyfe Koflanla görüşdən məğlub ayrılıb.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıblar. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala yiyələnib.






Son Xəbər