XƏBƏR, İQTİSADİYYAT
27-08-2019, 22:24

Bugünkü hərracda 11 dövlət əmlakı özəlləşdirilib

Bugünkü hərracda 11 dövlət əmlakı özəlləşdirilib

Avqustun 27-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Qərbinfo.az-a bildirilib ki, özəlləşdirməyə çıxarılan dövlət əmlaklarının çoxseçimli, sifariş prosedurlarının iştirak qaydasının isə elektron formada olması hərraclara marağı artırır, prosesdə rəqabətli mühit yaradır. Budəfəki hərracda daha bir neçə vətəndaş əmlak sahibi olub. Belə ki, bu dəfə kiçik dövlət müəssisəsi, yarımçıq tikili və nəqliyyat vasitələri özəlləşdirilib. Hərracda 11 əmlak üzrə ümumilikdə 17 sifariş verilib.

Rəqabətli hərrac mühiti Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki əmlak kompleksinin özəlləşdirilməsi zamanı yaranıb. Ümumi faydalı sahəsi 46,4 kvadratmetr olan dövlət əmlakının hərracı iki rəqib sifarişçinin iştirakı ilə baş tutub. Əmlak kompleksinin 440 kvadratmetrlik torpaq sahəsi ilə birgə ilkin hərrac qiyməti 15 min manat təyin olunsa da, yüksək rəqabət satış qiymətini 2 dəfədən çox yüksəldib. Belə ki, adıçəkilən dövlət əmlakı 36 min 500 manata özəlləşdirilib. Siyəzən şəhəri, H.Talıbov küçəsində yerləşən yarımçıq tikili isə 2 min kvadratmetrlik torpaq sahəsi ilə birgə 12 min manata özəlləşdirilib.

Hərracda rəqabət yaradan nəqliyyat vasitələrindən birinin buraxılış tarixi 2009-cu il olan “Hyundai Sonata” markalı avtomobil olub. İlkin qiymət 10 min manat təyin olunan dövlət əmlakının hərracı 3 sifarişçinin iştirakı ilə keçib. Sonda nəqliyyat vasitəsi üçün 12 min 800 manat təklif edən şəxs hərrac qalibi olub.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac sentyabrın 3-də keçiriləcək. Özəlləşdirməyə səhmdar cəmiyyəti və nəqliyyat vasitələri olmaqla ümumilikdə 55 dövlət əmlakı çıxarılıb. Hərraca qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Açıq və şəffaf hərraca istənilən şəxsin həm iştirakçı qismində qatılmaq, həm dә prosesi ziyarətçi olaraq canlı izləmək imkanı var.






Son Xəbər