XƏBƏR, MƏDƏNİYYƏT
21-08-2019, 14:56

Azərbaycan xalçalarına dünya bazarında tələbat artır

Azərbaycan xalçalarına dünya bazarında tələbat artır
Xalçaçılıq sənətinin inkişafı istiqamətində ardıcıl işlər görülməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə tikilən xalça fabrikləri bu sahənin inkişafına istiqamətlənib. Dövlət hesabına tikilən fabriklər lazımi avadanlıqlarla təchiz olunur. "Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə, qadınlar arasında işsizliyi aradan qaldıran sahədir" deyən Azərbaycan Prezidenti İlham Əliyev hər fabrikdə təqribən 150 iş yeri yaradıldığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan, xüsusilə, əhəmiyyətlidir. Məlumdur ki, Azərbaycan Prezidentinin 2016-cı ilin 5 may tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət xalçaçılığı inkişaf etdirərək, ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoyub. "Azərxalça" ASC-nin yaradılmasının əsas məqsədlərindən biri, məhz xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə, bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Bu gün "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarımızı aşkara çıxararaq, onların çeşniləri əsasında yeni xalçalar toxuyur. Cəmiyyət dünya muzeylərində, kolleksiyalarda saxlanılan, müxtəlif vaxtlarda hərraca çıxarılaraq satılan Azərbaycan xalçaları barədə məlumat bazası da yaradır. Vyanada, Londonda, Nyu-Yorkda və digər ölkələrdə keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçalarının satışı ilə bağlı məlumatlar əldə edib. Məlum olub ki, "Qarabağ", "Qazax-Borçalı", "Təbriz", "Quba" qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb. Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də keçirilən "Grogan" hərracında da satışa çıxarılıb. Hərracda ABŞ və Avropa ölkələrindən olan alıcılar iştirak edib və "Grogan"da satışa çıxarılan bu xalçalar, ümumilikdə, 744 min 200 ABŞ dollarına satılıb. 1810-cu ildə toxunmuş Quba namzalıq xalçasını hərracda ən baha qiymətə - 61 min ABŞ dollarına Boston İncəsənət Muzeyi alıb. "Azərxalça" hərraclarda satılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları tarixi yaddaşın, qədim çeşnilərimizin bərpası ilə milli dəyərlərimizə sahib çıxdıqlarını nümayiş etdirirlər.

"Azərxalça"nın xətti ilə ölkəmizdə yeni fabriklər istifadəyə verilib. Artıq ilk məhsullar, "Azərbaycan brendi" olaraq, beynəlxalq sərgilərdə nümayiş olunur, əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbat böyükdür. Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir.

ASC-nin ilkin mərhələdə yaradılan Füzuli, Şəmkir və Quba kimi rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük təkan verir və həmin sahəni stimullaşdırır. Qəbələ, İsmayıllı, Qobustan filiallarında Şirvan, Abşeron və Nardaran filiallarında isə Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. 2017-ci ildən məhsul istehsal olunan İsmayıllı və Qəbələ filiallarında indiyədək 1336, ötən il fəaliyyətə başlayan Qobustan, Abşeron və Nardarandakı emalatxanalarda isə, 441,4 kvadratmetr xalça toxunub. Filiallarda çalışan peşəkar toxucular qədim xalçaçılıq ənənələrinə, dünya bazarının tələblərinə uyğun xalçalar toxuyurlar.

Xalçaçılığın inkişafı iqtisadi cəhətdən də ölkəmizi gücləndirir, eyni zamanda, ölkəmizin dünyada təbliğində ən öndə gedən sənət növlərindən biridir. Azərbaycan xalqının mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi vardır. Yarandığı ilkin dövrlərdə tələbatı ödəyən, yəni köçmə həyat tərzi keçirən insanların çadırlarında örtük, döşənək, pərdə və s. kimi istifadə edilən xalça getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların estetik ehtiyacına cavab vermiş, onların həyatının ayrılmaz hissəsi və istehsal fəaliyyətlərinin aparıcı növü olmuşdur.

Azərbaycan xalçası, tarixən, ixrac məhsulu olmuşdur. Bu xalçalar XIV əsrdən başlayaraq, Avropaya aparılmışdır. Bu gun dünyanın bir çox muzeylərini və şəxsi qalereyalarını bəzəyən Azərbaycan xalçaları ümumbəşəri sərvətə çevrilib.






Son Xəbər