XƏBƏR, İQTİSADİYYAT
15-08-2019, 22:50

Prezident: "Sosialyönümlü siyasət vətəndaş məmnunluğu yaradıb"

Prezident: "Sosialyönümlü siyasət vətəndaş məmnunluğu yaradıb"Prezident İlham Əliyev: "Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir"

Son 16 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolu keçib, möhtəşəm nailiyyətlərə imza atıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də, insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Cari ilin ilk aylarından başlayaraq, davamlı olaraq, islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.
Məlumdur ki, bu il böyük sosial islahat paketləri qəbul edildi. Birinci paket 3 milyon insanı əhatə etdi. Bu sosial islahat paketi, artıq tam şəkildə icra olundu və həm pensiyaçılar, həm də işləyən vətəndaşların əməkhaqları artırıldı. İkinci sosial paketlə sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırılacaq. Bütün bu və ya digər amillər vətəndaş məmnunluğuna səbəb olub. Təbii ki, Cənab Prezidentin qeyd etdiyi kimi, bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.
"BİZİM SİYASƏTİMİZ, DEMƏK OLAR Kİ, DOST MƏRKƏZLƏRİNDƏ ÖZ ƏKSİNİ TAPIR..."
Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Təbii ki, vətəndaş məmnunluğunun təmininindən söz açırıqsa, bir neçə ay əvvəl isə, DOST adlanan daha bir innovativ xidmət növünüdə qeyd etməliyik. DOST mərkəzləri vətəndaş məmnunluğuna tam təminat verir. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz, məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək".
2025-Cİ İLƏ QƏDƏR ÖLKƏ ƏRAZİSİNDƏ, ÜMUMİLİKDƏ, 31 DOST MƏRKƏZİ AÇILACAQ
DOST mərkəzi açıldıqdan sonra, iki aydan bir az artıq dövrdə 20 min vətəndaş bu mərkəzə müraciət edib. Bu günə olan məlumata görə vətəndaşların tam məmnunluq səviyyəsi 93 faizdən artıqdır. Artıq dövlət başçısının göstərişlərinə uyğun olaraq, ilin sonunadək növbəti mərkəzin açılması istiqamətində ciddi iş aparılır. Daha 3 mərkəzin açılması üçün işlər görülür. Bu, Bakının 80 faizini əhatə etmiş olacaq. Növbəti mərhələdə daha bir mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarda da DOST mərkəzlərinin açılması sahəsində işə başlanılacaq. DOST mərkəzinin, DOST konsepsiyasının bir mexanizmi də elektron və onlayn xidmətlərin göstərilməsi məsələsidir. 2025-ci ilə kimi ölkə ərazisində, ümumilikdə, 31 DOST mərkəzi açılacaq. Bununla da, Azərbaycanın bütün ərazisi və bütün vətəndaşları DOST xidmətləri ilə əhatə olunacaq. Bu xidmətlərə ehtiyac duyan hər kəs ondan asanlıqla yararlana biləcək. "Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir" deyən Cənab Prezident DOST Agentliyinin yaradılmasını bu istiqamətdə atılmış çox önəmli islahat olduğunu vurğulayıb: "Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi, əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin".
Görülən işlər vətəndaşlarımızın sosial problemlərinin təmin edilməsinə, onların həyat səviyyəsinin, rifahının yüksəlməsinə səbəb olub. Azərbaycan Prezidenti hər zaman vurğulayır ki, Azərbaycan sosial dövlətdir. Bu gün aparılan islahatlar, gerçəkləşən layihələr, dövlət proqramları bu fikirləri bir daha təsdiqləyir.






Son Xəbər