XƏBƏR, HƏRBİ, İDMAN
15-08-2019, 15:23

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib

Avqustun 15-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2019” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Qərbinfo.az-ın məlumatına görə, Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, müsabiqə iştirakçıları, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçuları, media əməkdaşlarının iştirak etdikləri mərasimdə respublikanın Əməkdar artisti Ramil Qasımovun və əsgər xorunun ifasında dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun repertuarından “Ey Vətən” mahnısı səsləndirilib.

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan Beynəlxalq Ordu Oyunlarına maraq artır. “Dəniz Kuboku – 2019” müsabiqəsinin həyəcanlı anları artıq arxada qaldı və hərbi dənizçilərimiz təbiətin sərt sınaqlarından uğurla çıxdılar. Üçüncü ildir ki, Azərbaycan “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi edir və yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən illərdə olduğu kimi, bu il də “Dəniz Kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olub".

“Dəniz Kuboku – 2019” müsabiqəsində iştirak edən ölkələrin dövlət bayraqları təntənəli mərasimə gətirilib.

Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələri komandalarının iştirak etdiyi “Dəniz Kuboku” müsabiqəsinin əsas mükafatı - kubok və iştirakçı dövlətlərin bayraqları alqışlar altında səhnəyə gətirilib, yarışların qısa xronikası videoçarx vasitəsilə təqdim edilib, beynəlxalq hakimlər briqadasının son qərarı mərasim iştirakçılarına çatdırılıb.

Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında şəffaf, qarşılıqlı anlaşma şəraitində keçən “Dəniz Kuboku – 2019” müsabiqəsinin qalibi Azərbaycan komandası olub. İkinci yeri Rusiya, üçüncü yeri Qazaxıstan komandası tutub.

Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, “Dəniz Kuboku – 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov qeyd edib ki, bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Beşinci Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz Kuboku-2019” müsabiqəsinə yekun vurulur. O qeyd edib ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanması və İran, Qazaxıstan, Azərbaycan Respublikaları Hərbi Dəniz Qüvvələrinin komandaları on gündən çoxdur ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında gərgin şəraitində yarışdılar və bacarıqlarını nümayiş etdirdilər.
Daha sonra Kərim Vəliyev yarışları bağlı elan edib. Ənənəyə uyğun olaraq “Dəniz Kuboku – 2019” müsabiqəsinin qalibi olan komandanın təmsil olunduğu ölkənin – Azərbaycanın dövlət himni ifa edilib. “Dəniz Kuboku” müsabiqəsi bağlı elan edilib, “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının və “Dəniz Kuboku” müsabiqəsinin bayraqları endirilib.

Mərasim respublikanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Məryəm Şabanova, Fuad Musayev, “Səma” rəqs qrupu və Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin ifasında konsert proqramı ilə başa çatıb.






Son Xəbər