XƏBƏR, İQTİSADİYYAT
3-08-2019, 11:06

Bakıda Dövlət Toxum Fondu Yaponiya şirkəti ilə görüş keçirib

Bakıda Dövlət Toxum Fondu Yaponiya şirkəti ilə görüş keçirib[/center]
Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, “Dentsu Group” şirkətinin baş meneceri Toshihiro Fukushima və biznesin inkişafı üzrə inzibatçısı Takahiro Akiyama, “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto iştirak ediblər.

Dövlət Toxum Fondunun sədri Emin Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, eləcə də azərbaycanlı alimlərin seleksiya nailiyyətləri barədə qonaqlara məlumat verib.

“Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto bildirib ki, Azərbaycan toxumçuluq sahəsində ciddi addımlar atır. Qeyd edilib ki, Azərbaycanın artan inkişaf göstəriciləri arasında aqrar sahənin xüsusi çəkisinin olması təsadüfi deyil. Kənd təsərrüfatının inkişaf etdirilməsi və məhsul istehsalının artırılması əhalinin ekoloji təmiz ərzaqla, sənayenin isə xammalla təmin olunması deməkdir. O, Yaponiyanın çoxillik və qabaqcıl təcrübəsinin öyrənilməsinin, qarşılıqlı əlaqələrin qurulmasının Azərbaycanda aqrar sahədə geniş perspektivlərə yol açacağını vurğulayıb.

Sonda Dövlət Toxum Fondu ilə Yaponiyanın “Dentsu Group” şirkəti arasında toxumçuluq sahəsində ticarət əlaqələrinin qurulması, təcrübə mübadiləsi, bazar araşdırılmasının aparılmasını nəzərdə tutan Niyyət Protokolunun imzalanmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, “Dentsu Group” Yaponiyanın ən böyük investisiya, “Kaneko Seeds” isə yüksəkkeyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrüfatı məhsulları, səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrüfatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır. “Kaneko Seeds” yarandığı 1895-ci ildən etibarən keyfiyyətli toxum istehsalı ilə məşğuldur.






Son Xəbər