XƏBƏR, SİYASƏT
1-08-2019, 22:23

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi haqqında məqalə yayımlanıb - Polşada

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi haqqında məqalə yayımlanıb

Polşanın nüfuzlu ingilisdilli Yeni Şərqi Avropa (New Eastern Europe) jurnalı Azərbaycanın Qoşulmama Hərəkatında (QH) sədrliyi haqqında məqalə yayımlayıb.

Qərbinfo.az-ın xəbərinə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalə QH-nin müasir beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətindən və Azərbaycanın Hərəkata üzvlüyün Azərbaycanın xarici siyasi maraqları perspektivindən əhəmiyyətindən bəhs edir.

Müəllif bildirir ki, 120 dövlətin üzv olduğu, 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi kimi qoşulduğu Qoşulmama Hərəkatı Soyuq Müharibənin gərgin dönəmində - 1961-ci ildə - hərbi bloklara qoşulmamaq prinsipi ilə yaradılıb. "Sovet İttifaqının süqutundan sonra bir müddət düşünülürdü ki, hərəkat artıq öz əhəmiyyətini itirib. Lakin üzv dövlətlərin üzləşdiyi müxtəlif xarakterli (hərbi, siyasi, iqtisadi, iqlim dəyişikliyi və s.) yeni çağırışlar beynəlxalq əməkdaşlığın əhəmiyyətini artırıb və QH-ni bu əməkdaşlığın təşviq edilməsi üçün əlverişli bir platforma kimi yenidən canlandırıb",- deyə müəllif yazır.

Vasif Hüseynov QH-nin bu ilin 25-26 oktyabr aylarında Bakıda keçiriləcək 18-ci sammitində Azərbaycanın hərəkata 3 illik sədrlik dönəminin başlanmasını Azərbaycan üçün mühim diplomatik uğur kimi səciyyələndirib. Məqalədə həssas geosiyasi məkanda yerləşən Azərbaycan üçün 120 dövlətin üzv olduğu bir təşkilata rəhbərliyin dövlətimizin xarici siyasəti üçün mühim imkanlar vəd etdiyi qeyd olunub.

Vasif Hüseynov Azərbaycanın QH-də fəaliyyətinin əsas məqsədinin Ermənistan – Azərbaycan münaqişəsi haqqında xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirir. "Sevindirici haldır ki, dövlətimiz artıq bu cəhətdən bəzi uğurlara nail olub. Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini qeyd edib və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırıb. Oxşar mövqe hərəkat üzvləri tərəfindən bu ilin iyul ayında Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının Yekun Sənədində də ifadə edilib",- deyə məqalədə vurğulanır.

Ətraflı aşağıdakı linkdə http://neweasterneurope.eu/2019/08/01/azerbaijan-sets-to-overtake-the-chairmanship-of-the-non-aligned-movement/






Son Xəbər